Son vaxtlar kənd və rayonlarda torpaq sahələrinin qiymətlərində artım müşahidə olunur. Xüsusilə Bakıya yaxın, turizm potensialı olan və infrastruktur baxımından inkişaf edən zonalarda torpaq almağa maraq güclənib.

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli bildirib ki, torpaq qiymətlərinin yüksəlməsində əsas səbəblərdən biri həmin ərazilərə artan maraq və tələbdir.

“Şəhərdə mənzil və fərdi ev tikintisinin bahalaşması insanları daha münasib qiymətə torpaq alıb ev tikməyə sövq edir. Bundan başqa, kənd təsərrüfatı üçün yararlı torpaqlara, bağ evlərinə və istirahət məqsədilə istifadə olunan sahələrə də maraq artır.

Yol, qaz, su, elektrik və internet infrastrukturunun yaxşılaşması da, əvvəllər o qədər cəlbedici olmayan rayonlarda torpağın dəyərini yüksəldir. Digər tərəfdən, tikinti materiallarının və ümumi tikinti xərclərinin artması da, torpağa olan tələbi müəyyən qədər artır.

Bakıdan kənarda torpağa tələbatın artması qiymətlərə birbaşa təsir göstərir. Xüsusilə Bakıya yaxın və nəqliyyat baxımından əlçatan ərazilərdə bu proses daha sürətlə gedir”.

Nasirli qeyd edib ki, Abşeron, Xırdalan, Masazır, Novxanı, Mərdəkan, Bilgəh, Pirşağı istiqamətləri ilə yanaşı, Sumqayıt ətrafı, Qobustan, Şamaxı, Qəbələ, İsmayıllı, Quba və Xaçmaz kimi həm yaşayış, həm də turizm potensialı olan rayonlarda torpağa maraq müşahidə olunur.

O əlavə edib ki, qiymət artımının tempi torpağın yerləşdiyi dəqiq məkan, sənədlərinin qaydasında olub-olmaması, kommunikasiya xətlərinin mövcudluğu və əsas yollara yaxınlığına görə fərqlənir. İnfrastrukturun və Bakıya çıxışın yaxşı olduğu ərazilərdə növbəti dövrdə qiymətlərin artım ehtimalı daha yüksəkdir.

Ekspert vurğulayıb ki, torpaq almağı ümumən avtomatik sərfəli investisiya hesab etmək düzgün deyil. Torpağın sənədlərinin qaydasında olması, təyinatı, tikinti imkanları, kommunikasiya xətlərinin yaxınlığı və gələcəkdə həmin ərazidə yol, turizm və ya yaşayış layihələrinin həyata keçirilməsi investisiya qərarında əsas rol oynamalıdır.

Nəticə etibarilə, rayonlarda torpaq almaq uzunmüddətli investisiya baxımından sərfəli ola bilər, lakin qərar konkret ərazi və torpağın hüquqi statusu tam araşdırıldıqdan sonra verilməlidir.