Rusiya mətbuatı Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərini geniş şəkildə işıqlandırır. Yazılarda iki ölkə liderlərinin görüşü, Əbədi dostluq haqqında Müqavilənin imzalanması və Bakı ilə Daşkənd arasında irəli sürülən yeni birgə təşəbbüslər əsas yer tutur.

Nəşrlər dövlət başçılarının qarşılıqlı ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq məqsədini nəzərdə tutan proqramı, həmçinin turizm və mədəniyyət sahələrində əməkdaşlığa dair sənədlərin imzalanmasını bildirir. Eyni zamanda Ali Dövlətlərarası Şuranın üçüncü iclasının nəticələri, sənaye kooperasiyasının genişləndirilməsi və birgə investisiya şirkətindən daha fəal istifadə etmək niyyəti vurğulanır.

Transport əlaqələrinin inkişafı xüsusi diqqətə alınıb. Məqalələrdə Xəzər dənizi ətrafında vahid operatorla çalışacaq Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılması, Orta Dəhlizin inkişafı çərçivəsində birgə donanmanın qurulmasının sürətləndirilməsi və nəqliyyat marşrutlarının genişləndirilməsi barədə açıqlamalar yer alır.

İqtisadi sahədə energetika, kimya və hasilat sənayesi, tekstil, kənd təsərrüfatı və şəhərsalma kimi sahələrdə birlikdə həyata keçirilən layihələr və qarşılıqlı ticarətin son beş ildə üç dəfə artması barədə məlumatlar paylaşılır. Rusiya mətbuatı bank-maliyyə, neft-qaz, təhsil, turizm, mənzil tikintisi, dağ-mədən və kənd təsərrüfatı sahələrində yeni ortaq təşəbbüslərin başlayacağını da qeyd edir.

Bəzi materiallar dövlət başçılarının nəqliyyatla bağlı açıqlamalarına istinad edir. Xüsusilə Azərbaycanda və Naxçıvan Muxtar Respublikasında Zəngəzur dəhlizinin yaradılması istiqamətində aparılan işlər və Ermənistan ərazisində TRIPP layihəsinin həyata keçirilmə perspektivləri müzakirə olunur.

Səfər zamanı tərəflərin qarşılıqlı təltifetmə mərasimi də medianın diqqət mərkəzinə düşüb. Bildirilir ki, Prezident İlham Əliyev Özbəkistanın yüksək dərəcəli "Oliy Darajali Dustlik" ordeni ilə, Prezident Şavkat Mirziyoyev isə "Heydər Əliyev" ordeni ilə təltif olunublar.

Həmçinin Rusiya mətbuatı Özbəkistanın işğaldan azad edilmiş ərazilərdə layihələrin reallaşmasında xüsusi rolunu vurğulayır. Yazılarda Özbəkistanın Qarabağın bərpasına ilk dəstək verən ölkələrdən olduğu, 960 şagird yerlik məktəb inşa etdiyi və iri tikiş istehsalına investisiya yatırdığı qeyd olunur.

Yekunda, Rusiya nəşrlərində səfərin iki ölkə arasında iqtisadi-ticari və nəqliyyat sahələrində yeni əməkdaşlıq imkanlarını gücləndirdiyi, bir sıra sənədlərin imzalandığı və birgə layihələrin fəaliyyətə başlayacağı vurğulanır.