Bakı Hərbi Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənov barəsində hökm çıxarılıb.
Hökmə əsasən, R. Həsənov 178.3.2-ci maddə ilə dələduzluq ittihamı əsasında 15 min manat cərimə olunub və məhkəmə zalından azad edilərək sərbəst buraxılıb.
İttihama görə, R. Həsənov 2021–2025-ci illərdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək hərbi qulluqçuların tərxis olunması üçün onlardan təkrarən müxtəlif məbləğlərdə pul alıb və vəzifə saxtakarlığı edib. Bu hallara dair əsaslı şübhələr müəyyən edilib.
İstintaq materiallarına əsasən, R. Həsənov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub və barəsində əvvəlcə həbs qətimkan tədbiri tətbiq edilib.