Sabirabad rayonunun ucqar kəndlərindən biri olan Sarxanbəylidə ötən ilin dekabrında 2-ci Küryan kollektoru üzərindəki körpünün uçması nəticəsində yaranmış problemlər hələ də aradan qaldırılmayıb.

Hadisə zamanı pambıqyığan kombayn aşıb su kanalına düşmüşdü. Avqust ayına çatmağımıza baxmayaraq körpü hələ də qəzalı vəziyyətdə qalır və bu vəziyyət kənd sakinlərini ciddi narahat edir.

Yerli əhalinin bildirdiyinə görə, körpü yalnız Sarxanbəyli üçün deyil, bir neçə yaxın yaşayış məntəqəsi üçün də əsas nəqliyyat əlaqəsidir və insanlar Şirvan və Salyan istiqamətlərinə məhz bu körpüdən istifadə ediblər. Körpünün uçmasından sonra aidiyyəti qurumlardan alternativ yolun çəkiləcəyi vəd edilib.

Məsələ ilə bağlı Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi bildirir ki, körpünün bərpası üçün yuxarı təşkilatlara məlumat verilib, smeta ayrılıb və yaxın günlərdə əraziyə texnika gətirilərək tikinti işlərinə başlanacaq.