Bakının Sabunçu rayonunda yaşayan 43 yaşlı kişi həyat yoldaşına qarşı zorakılıqla bağlı məhkəmənin qərarı ilə cərimələnib.
Hadisə onların birlikdə yaşadığı evin yataq otağında baş verib. Ordubad rayonundan olan, 1983-cü il təvəllüdlü Sakit arvadı Samirə ilə mübahisə edib.
Sakitin bildirdiyinə görə, Qurban bayramı ilə əlaqədar bacısı Esmiranın Sumqayıtdakı evinə ailəlikcə getmək istədiyini deməsi Samirənin narazılığına səbəb olub və bu, onların arasındakı mübahisəni alovlandırıb.
Mübahisə zamanı ər arvadına sağ əli ilə hər iki qol və döş qəfəsi nahiyələrinə, sağ ayağı ilə isə sol ayaq nahiyəsinə bir dəfə zərbə vurub. Nəticədə zərbə alan şəxsdə müxtəlif dərəcəli bədən xəsarətləri yaranıb.
İstintaqa verdiyi izahatda Sakit 2015-ci ildə Samirə ilə evləndiyini və onların iki oğul övladı olduğunu bildirib. O, hadisə baş verən gün evdə olduqlarını və mübahisə zamanı arvadını vurduğunu etiraf edib. Daha sonra zərərçəkən şəxsin Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdiyi qeyd olunub.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda arvadı ilə barışdığını və əməlinə görə peşman olduğunu söyləyib.
Sabunçu Rayon Məhkəməsi Sakitə 1 200 manat məbləğində cərimə tətbiq olunması barədə hökm çıxarıb.