Kolumbiyalı müğənni Şakira Çoko departamentində zəlzələdən zərər görmüş təhsil müəssisələrinin yenidən qurulması üçün 1 milyon dollar vəsait toplayacağını açıqlayıb.

Təşəbbüs çərçivəsində Çoko Texnologiya Universitetinin bərpası və universitetə aid olmayan təxminən 10 təhsil mərkəzinin yenidən qurulması nəzərdə tutulur.

Layihənin maliyyələşdirilməsi üçün 500 min dollar “Global Citizen” xeyriyyə təşkilatı tərəfindən ayrılacaq, qalan 500 min dollar isə Şakiranın son turu “Las Mujeres Ya No Lloran”ın təşkilatçısı və kommersiya tərəfdaşı olan “Live Nation” tərəfindən təmin olunacaq.

Müğənni vurğulayıb ki, ayrılan vəsait onun şəxsi ianəsi olmayacaq və layihəyə tərəfdaş təşkilatlar vasitəsilə yönəldiləcək.

Bu təşəbbüsü Şakira Kolumbiya əsilli amerikalı xeyriyyəçi Hovard Grem Baffetlə birgə həyata keçirəcək. Hovard Baffet milyarder investor Uorren Baffetin oğludur və 2021-ci ildə Kolumbiya vətəndaşlığını alıb.

Hovard Baffet ölkədə əvvəlki illərdə təxminən 160 milyon dollar sərmayə qoyub; bu investisiyalar Katatumbo bölgəsində infrastrukturun inkişafı, yolların yenidən qurulması, qanunsuz əkin sahələrinin dəyişdirilməsi və ərazilərin minalardan təmizlənməsi kimi layihələri əhatə edib. O, həmçinin təxminən 20 ildir Şakiranın “Pies Descalzos” Fondunun rəhbəridir və bu fond Kolumbiyada bir neçə təhsil müəssisəsinin yaradılmasına dəstək verib.

Şakira 2025-ci ilin oktyabrında FIFA və “Global Citizen” Təhsil Fondunun məsləhət şurasına qoşulub. Şuranın digər üzvləri sırasında preşəkar tennisçi Serena Uilyams və FIFA prezidenti Canni İnfantino da yer alır. Müğənni bildirib ki, 2026-cı il Dünya Kubokunun rəsmi mahnısı “Dai Dai”dən əldə etdiyi qonorarın 100 faizini fonda bağışlayacaq.

Kolumbiyanın Milli Fəlakət Risklərinin İdarə Edilməsi Bölməsinin (UNGRD) son statistikası göstərir ki, baş vermiş zəlzələ nəticəsində 287 nəfər ölüb, 4 147 nəfər yaralanıb və 194 nəfər itkin düşüb.