Amerikalı müğənni-aktrisa Selena Qomez, anası Mendi Tifi və iş qadını Daniella Piersonun bərabər qurduğu ruhi sağlamlıq platforması Wondermind Global məhkəmə iddiası ilə üzləşib.

Delaver ştatının federal məhkəməsinə müraciət edən beş investor iddia edir ki, şirkətin maliyyə vəziyyəti, gələcək inkişaf planları və biznes perspektivləri barədə onlara yanlış məlumatlar verilib. Sənədlərdə qeyd olunur ki, həmin şəxslər 2022-ci ildə ümumilikdə təxminən 1,2 milyon dollar yatırıb.

İddiada bildirilir ki, investorlara şirkətin korporativ tərəfdaşlıqlar quracağı, məşhurların cəlb olunacağı layihələr həyata keçirəcəyi və mobil tətbiq təqdim edəcəyi vədə verilib. Ancaq onların sözlərinə görə, bu vədlərin əksəriyyəti gerçəkləşməyib və şirkətdə maliyyə ilə bağlı çətinliklər və idarəetmə problemləri üzə çıxıb.

Sənədlərdə həmçinin Selena Qomezin marketinq rəhbəri kimi götürdüyü öhdəlikləri tam yerinə yetirmədiyi, şirkətin inkişafında aktiv rol alacağına dair sözlərin də reallaşmadığı iddia olunur. Investorlar yatırdıqları məbləğin geri qaytarılmasını, zərərin və hüquqi xərclərin ödənilməsini tələb edirlər.

Qeyd olunub ki, bunlar iddiaçılardan məhkəməyə təqdim edilən iddialardır və hələ sübuta yetirilməyib. Selena Qomez və digər tərəflərin iddialarla bağlı münasibəti hələ açıqlanmayıb.