Serbiya baş nazirinin müavini və daxili işlər naziri İvitsa Daçiç Dubovats kəndi yaxınlığında yanğın-xilasetmə gəmisinə baxış keçirərkən Dunay çayında hazırkı su səviyyəsinin son 100–150 ilin ən aşağı həddi olduğunu bildirib.

Suyun aşağı düşməsi nəticəsində yanğınların söndürülməsi üçün su götürən Dunay-Tisa-Dunay kanalına da təsir hiss olunub və bu, yanğınsöndürmə işlərinin təşkilinə çətinlik yaradıb.

Yerli su təchizatına düşən yükü azaltmaq məqsədilə hökumət eyni vaxtda 24 yanğınsöndürən avtomobili su ilə doldura bilən yanğın-xilasetmə gəmisini həmin əraziyə göndərib. Bu gəmi Serbiyada meşə yanğınları ilə mübarizədə ilk dəfə istifadə olunur.

Ölkədə ümumilikdə 32 yanğın qeydə alınıb. Deliblat qumluqları ərazisində alov təxminən 2 500–3 000 hektar sahəni əhatə edib.

Yanğınların söndürülməsinə təxminən 300 nəfər canlı qüvvə, 72 avtomobil texnikası, 37 xüsusi texnika və üç helikopter cəlb edilib.

Daçiç vəziyyətlə bağlı həlak olanların olmadığını və infrastrukturun ziyan görmədiyini bildirib.