Medianın İnkişafı Agentliyinin keçirdiyi ictimai rəy sorğusu 16 yaşadək şəxslərin sosial şəbəkələrdən istifadəsinin hüquqi tənzimlənməsi, bu platformaların cəmiyyətə təsirləri və sosial şəbəkələrdən istifadə vərdişlərinin öyrənilməsinə yönəlib.

Sorğu nəticələri respondentlərin böyük hissəsinin 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsini dəstəklədiyini göstərib; bu göstərici ümumilikdə 88,2% təşkil edib. 16 yaşdan aşağı uşaqları olan respondentlər arasında dəstək nisbəti 91,2% olub və onların 67,9%-i övladlarının sosial şəbəkələrdən istifadə etdiyini bildirib.

İştirakçıların 87,5%-i uşaqların sosial şəbəkələrdən istifadəsinin onların təhsil və tərbiyəsinə mənfi təsir göstərdiyini düşünür. Respondentlərin 93,1%-i isə sosial media platformalarının dövlət tərəfindən tənzimlənməsini məqsədəuyğun hesab edib.

Məlumat mənbələri üzrə respondentlərin 81,8%-i informasiyanı əsasən sosial şəbəkələrdən aldığını bildirib. Sonrakı yerlərdə televiziya (55,9%), xəbər saytları (48,8%), ailə üzvləri və tanışlar (37,9%), radio (5,8%), xarici media (4,8%) və qəzet-jurnallar (2,8%) qərarlaşıb. Gənclər qrupunda sosial şəbəkələrdən informasiya əldə edənlərin payı 94,1% səviyyəsindədir.

İctimai etimada görə ən yüksək göstərici televiziya kanallarındadır — 64,6%. Sonrakı sırada xəbər saytları (43,0%), sosial şəbəkələr (31,4%), radio (20,2%) və qəzetlər (9,6%) yer alır.

Sosial şəbəkələrdən istifadə məqsədləri sırasında ilk yeri gündəmi izləmək və məlumat əldə etmək tutur və bu məqsədi respondentlərin 78,2%-i qeyd edib. Eyni zamanda, sosial şəbəkələrdən istifadə edən şəxslərin təxminən yarısı platformalarda rastlaşdıqları məlumatların doğruluğunu ümumiyyətlə yoxlamadıqlarını bildirib.

Sorğunun nəticələri göstərir ki, ölkədə 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə məhdudiyyət tətbiq olunmasına yönələn tədbirlər geniş ictimai dəstək qazanıb və respondentlər risklərin yalnız fərdi və ailə səviyyəsində nəzarətlə aradan qaldırıla bilməyəcəyini bildirirlər. Nəticələr həmçinin informasiya mənbələrinə etimad baxımından ənənəvi medianın — televiziya və xəbər saytlarının xüsusi rolunu ortaya qoyur.

İctimai rəy sorğusu 25 iyul–2 avqust 2026-cı il tarixlərində üzbəüz müsahibə üsulu ilə keçirilib. Sorğuda 18 yaşdan yuxarı 1 200 respondent iştirak edib; cins, yaş və region üzrə bölgü rəsmi statistik göstəricilərə uyğun proporsional şəkildə müəyyənləşdirilərək əhali üzrə reprezentativlik təmin edilib. Xəta əmsalı ±3 faizdir.