Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin müəssisə və mərkəzlərində, eləcə də qurumun sifarişi ilə yaradılmış günərzi və reabilitasiya müəssisələrində hazırda təxminən 4 min uşağa xidmət göstərilir.

Xüsusi qayğı tələb edən, o cümlədən əlilliyi olan uşaqlardan 882 nəfəri stasionar şəraitdə, 2936 nəfəri yarımstasionar, 165 nəfəri isə ambulator formada dəstək alır.

Məqsəd bu uşaqların reabilitasiya imkanlarının genişləndirilməsi, funksional bacarıqlarının inkişaf etdirilməsi və onların gündəlik həyata, eləcə də cəmiyyətə inteqrasiyasına kömək etməkdir.

Bundan başqa uşaqların maraq və istedadları nəzərə alınmaqla müxtəlif dərnəklər təşkil olunur; bu vasitə ilə onların özünəxidmət bacarıqları gücləndirilir və təxəyyüllərinin inkişafına şərait yaradılır.