Dünya iqtisadiyyatını təsir edən təbii fəlakətlər və regional gərginliklər Azərbaycana da təsir göstərsə də, görülən tədbirlər ölkə iqtisadiyyatının müqavimətini təmin edib. 2025 və 2026-cı ilin əvvəllərində bəzi indikatorlarda narahatlıq yaransa da, aparılan siyasətlər makroiqtisadi dayanıqlığı dəstəkləyib.

2026-cı ilin yanvar-iyul ayları üzrə ölkədə ümumi daxili məhsulun (ÜDM) həcmi 76 milyard 817,7 milyon manat təşkil edib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çoxdur. Neft-qaz sektorunun ÜDM-dəki dəyəri son 1 ildə 0,6 faiz azalaraq 22 milyard 916,5 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM isə 2,2 faiz artaraq 53 milyard 901,2 milyon manat olub.

ÜDM-in strukturunda sənayenin payı 34,5%, ticarət və nəqliyyat vasitələrinin təmiri 10,5%, nəqliyyat və anbar təsərrüfatı 7,3%, kənd təsərrüfatı və əlaqəli sahələr 6,2%, tikinti 5%, turistlərin yerləşdirilməsi və ictimai iaşə 2,9%, informasiya və rabitə 2% təşkil edib. Digər sahələrin payı 21,9% olub, məhsula və idxala xalis vergilər isə ÜDM-in 9,7%-ni təşkil edib.

Qeyri-neft sektoru üzrə ixrac 2026-cı ilin yanvar-iyulunda (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrünə nisbətən 18,3 faiz artaraq 2,5 milyard dollar səviyyəsinə çatıb. Cari il iyulun 1-nə iqtisadiyyata verilən kreditlər 33 milyard 881,1 milyon manat təşkil edib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz çoxdur.

Hesabat dövründə əsas kapitala 11 milyard 111,9 milyon manat investisiya yönəldilib ki, bu da real ifadədə 10,7 faiz artımı göstərir. Yeddi ay ərzində qeyri-neft-qaz sektoruna yatırılan investisiyalar 7 milyard 403,3 milyon manat olub və bu, ötən ilin analoji dövrünə nisbətən 1,9 faiz artımdır. Neft-qaz sektoruna yönəldilmiş vəsaitlər isə 3 milyard 708,6 milyon manat təşkil edib (2025-ci ilin müvafiq dövründə 2 milyard 734,4 milyon manat olmuşdu).

Bölgələr üzrə də müsbət dinamika qeydə alınıb. Naxçıvan Muxtar Respublikasında yanvar-iyul aylarında ÜDM-in həcmi 1 milyard 25,7 milyon manat olub və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz artıb. Muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri 2,8 faiz artaraq 2 170 manata yüksəlib.

Aqrar sektor prioritet sahələrdən biri olaraq qalır. Yanvar-iyul aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə həcmi 8 milyard 797,2 milyon manat təşkil edib və bu, real ifadədə 2,8 faiz artımdır.

Sənaye sektorunda bu ilin yanvar-iyul aylarında 38 milyard 902,4 milyon manatlıq sənaye məhsulu istehsal edilib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çoxdur. Qeyri-neft-qaz sənayesində istehsal 12 milyard 724,8 milyon manat təşkil edib və bu, 4,4 faiz artımdır.

Emal sənayesində ən sürətli artım avtomobil, qoşqu və yarımqoşquların istehsalında (+88,4%), əczaçılıq məhsullarının istehsalında (+53,9%), toxuculuqda (+35,9%), tütün məmulatlarında (+18,4%) və bir sıra digər sahələrdə müşahidə olunub.

İqtisadi zonalarda 7,2 milyard manatdan artıq investisiya yatırılıb; sahibkarlar 20,9 milyard manatlıq məhsul istehsal edib və bunun 6,7 milyard manatdan çoxu ixrac olunub. Ölkədə 9 sənaye parkı, 3 sənayeməhəllə və 2 özəl sənaye məhəlləsində biznes üçün şərait yaradılıb, 11 200-dən artıq daimi iş yeri açılıb.

Xarici ticarətdə bu ilin yanvar-iyununda dövriyyə 9,1 faiz artaraq 26 milyard 54,2 milyon dollar təşkil edib. İxrac 43,2 faiz artaraq 17 milyard 713,1 milyon dollar, o cümlədən qeyri-neft-qaz ixracı 3,2 dəfə artaraq 5 milyard 548,4 milyon dollar olub. Altı ayda idxal 27,6 faiz azalaraq 8 milyard 341,1 milyon dollar səviyyəsinə düşüb. Nəticədə 9 milyard 372 milyon dollar məbləğində müsbət ticarət saldo yaranıb.

Əhalinin gəlirləri də artıb: yanvar-iyul aylarında nominal gəlirlər 55 milyard 631,8 milyon manat təşkil edib ki, bu ötən ilin eyni dövrünə nisbətən 9,8 faiz çoxdur. İyulun 1-nə fiziki şəxslərin bankdakı əmanətləri 17 milyard 823,6 milyon manat olub və bu, ildə 15,5 faiz artımı göstərir. Müzdla çalışanların orta aylıq nominal əməkhaqqı 7 faiz artaraq 1 174,4 manat təşkil edib.

Tranzit daşımalar üzrə cari ilin ilk 7 ayında yük həcmi 9,1 milyon tonu ötərək son 5 ilin rekorduna çatıb; bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz çoxdur. Şərq-Qərb istiqamətində tranzit 16,5 faiz, Şimal-Cənub istiqamətində 14,3 faiz artıb.

Maliyyə dayanıqlığı da güclənib: 1 avqust 2026-cı il tarixə strateji valyuta ehtiyatları 86 milyard 814,9 milyon dollar təşkil edib ki, bu göstərici ötən ilin avqustun 1-nə nisbətən 12,2 faiz yüksəkdir. Eyni tarixə Azərbaycanın xarici dövlət borcu 4 milyard 590,8 milyon dollar olub və bu, əvvəlki ilin eyni dövrünə nisbətən 7,5 faiz azalma deməkdir.

Ümumilikdə təqdim olunan statistik göstəricilər ölkə iqtisadiyyatının mövcud çağırışlara qarşı müqavimətini və müəyyən sektorlar üzrə inkişaf tempini əks etdirir.