Avqustun 23-də Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iştirak ediblər.

Dövlət başçıları ali təhsil müəssisəsinin rəmzi açılışını bildirən lenti birlikdə kəsiblər. Sonra universitetin həyətində hər iki prezident ağac əkiblər.

Mərasimdə universitetin tarixi və yaradılan infrastruktur barədə məlumat verilib. Qeyd olunub ki, 1935-ci ildə Mərkəzi Asiya Dövlət Universitetinin Pedaqoji fakültəsinin bazasında Daşkənd Pedaqoji İnstitutu yaradılıb. 1947-ci ildə təhsil müəssisəsinin adı Nizami adına Daşkənd Dövlət Pedaqoji İnstitutu olaraq dəyişdirilib, 1998-ci ildən isə institut Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti kimi fəaliyyət göstərir.

Universitetin məzunları arasında Özbəkistanın ədəbiyyat, mədəniyyət, elm və ictimai həyatına əhəmiyyətli töhfələr vermiş çoxsaylı tanınmış şəxslər var. Təhsil ocağının strukturuna 6 ali pedaqoji məktəb, 1 Birgə Təhsil Ali Məktəbi və 1 magistratura şöbəsi daxildir; ümumilikdə 33 kafedra fəaliyyət göstərir.

Ali təhsildə 38 bakalavriat və 31 magistratura ixtisası üzrə kadrlar hazırlanır. Universitetdə 730 müəllim və elmi-pedaqoji işçi çalışır, tələbə sayı 17 mindən çoxdur. Onların arasında 6 Azərbaycan vətəndaşı tələbə, magistrant və müstəqil tədqiqatçı kimi təhsil alır. Həmçinin dünyanın 13 ölkəsindən 250 nəfər bu tədris ocağında təhsilini davam etdirir.

Universitet beynəlxalq proqramlara xüsusi önəm verir. O, 20 ölkədən 15 beynəlxalq təhsil təşkilatı və 127 universitetlə əməkdaşlıq edir, ayrıca UNESCO və UNICEF ilə əlaqələr mövcuddur. Hazırda 12 birgə təhsil proqramı icra olunur və 4 beynəlxalq təhsil və mədəniyyət mərkəzi — Azərbaycan, Qazaxıstan, Cənubi Koreya və Çin mərkəzləri fəaliyyət göstərir.

Nizami Gəncəvi adına Milli Pedaqoji Universitet Azərbaycan Respublikasının bir sıra ali təhsil müəssisələri ilə anlaşma memorandumları imzalayıb. Memorandumlar çərçivəsində birgə elmi tədqiqatlar və konfranslar, təcrübə mübadiləsi və mədəni-maarif əlaqələri planlaşdırılır. Bu əməkdaşlıq nəticəsində Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin ilk beş məzunu qrant əsasında universitetdə təhsil almaq hüququ qazanıb.

“Yeni Daşkənd” ərazisində 40 hektar sahədə yeni kampusun inşası davam edir. Layihəyə ümumilikdə 20 min nəfərlik tədris korpusları və 5 min nəfərlik tələbə yataqxanalarının yaradılması daxildir. Yeni kampusda həmçinin Nizami Gəncəvi Muzeyi və universitetin tarix muzeyləri nəzərdə tutulub.

Tədbir çərçivəsində Azərbaycan və Özbəkistan prezidentləri universitetin müəllim və tələbə heyəti ilə görüşüb və onlarla söhbət ediblər.