“Sumqayıt” klubunun kapitanı Səbuhi Abdullazadə özünə ciddi xəsarət yetirərək xəstəxanaya aparılıb və əməliyyat edilib.

Hadisə Misli Premyer Liqasının birinci turunda “Neftçi” ilə keçirilən görüş zamanı baş verib. Matçın 74-cü dəqiqəsində Breno Almeydaya qarşı etdiyi hərəkətə görə qırmızı vərəqə alan 24 yaşlı yarımmüdafiəçi emosional reaksiya göstərərək stadionun qapısına yumruq vurub.

Qapının şüşələri qoparaq Abdullazadənin ayağına düşüb və nəticədə ciddi kəsiklər yaranıb. Yaralı futbolçu dərhal xəstəxanaya yerləşdirilib və tibbi müdaxilə üçün hazırlıq aparılıb.

Klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev bildirib ki, zədə ciddi xarakter daşıyır və ilkin müayinə əsasında karyera üçün təhlükə olmadığı qeyd edilib. Onun sözlərinə görə, dəqiq bərpa müddəti əməliyyatdan sonra müəyyənləşəcək.

Sonrakı açıqlamada klub xəbər verib ki, Abdullazadə paytaxtdakı özəl xəstəxanalardan birində əməliyyat olunub və əməliyyat uğurla başa çatıb. Məlumatda futbolçunun təxminən beş ay sonra meydanlara qayıda biləcəyi bildirilib.

Qeyd edək ki, həmin oyunda “Sumqayıt” 1:3 hesabı ilə məğlub olub.