“Telegram” messenceri öz şəxsi domen zonasını — .gram — əldə etmək məqsədilə rəsmi müraciət edib.

Platformanın təsisçisi Pavel Durov bu təşəbbüsü öz rəsmi kanalında açıqlayıb və müraciətin ICANN (İnternet Korporasiyası) tərəfindən təsdiqindən sonra nəticələrin tətbiq olunacağını bildirib.

Durov qeyd edib ki, icazə verilsə, Telegram-ın təxminən bir milyard istifadəçisi özlərinə ikinci səviyyəli domenlər götürə biləcək. Bu halda istifadəçilərin platformadakı profilləri domen adı formasında görünəcək.

O, nümunə kimi @durov istifadəçisinin durov.gram, @monk isə monk.gram domeninə sahib ola biləcəyini vurğulayıb.

Təsisçi əlavə edib ki, Telegram öz domen zonası əldə edərsə, messencer daxilində yerləşdirilən interaktiv veb-saytlar istifadəçilər tərəfindən yalnız bir mesaj göndərməklə yaradılacaq və idarə olunacaq.