Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyinin prezident köməkçisi Kəmalə Ələkbərova bildirib ki, qanuna edilən əlavədən sonra “Mədəniyyət TV” və “İdman Azərbaycan” kanalları birlikdən hər birinə iki surdotərcüməçi tələb etmiş, tələb təmin edilib.
Ələkbərova eyni zamanda qeyd edib ki, digər telekanallardan belə müraciətlər alınmayıb. O bildirib ki, təşkilatda yerli yayımlarda işləyə biləcək kifayət qədər surdotərcüməçi mövcuddur.
Karlar Cəmiyyəti surdotərcüməçilərin Ədliyyə Nazirliyinin sistemində qeydiyyatdan keçmiş şəxslər olduğunu xatırladıb. Birlik daha öncə “Real” TV-də iki surdotərcüməçinin fəaliyyət göstərdiyini, AzTV-dən isə müraciətin olduğunu, mümkün yeni mövsümdə əsas xəbərlər blokuna tərcüməçi tələb edilə biləcəyini bildirib.
Eyni zamanda qeyd olunub ki, “İctimai TV” surdotərcüməçi təminatını Azərbaycan Karlar Cəmiyyətindən deyil, başqa bir ictimai təşkilatdan təmin edib.
Qanuna edilən əlavə ilə dövlət əlilliyi olan şəxslərin informasiyaya çıxış imkanları təmin edilir. Yeni 12-1-ci maddəyə əsasən, tam eşitmə qüsuru olan şəxslər üçün ünsiyyət dili kimi Azərbaycan İşarət Dili tanınır və dövlət büdcəsindən maliyyələşən, ölkə miqyaslı yerüstü yayımlarda əsas vaxtdakı informasiya proqramlarının işarət dili tərcüməsi təmin edilməlidir.
Həmçinin qanun Azərbaycan İşarət Dilinin müvafiq təhsil və ixtisasa malik şəxslər tərəfindən tərcümə olunmasını və dövlət audiovizual əsərlərinin subtitrlərlə verilməsinin təşviqini nəzərdə tutur.