Yaponiyanın Tiba prefekturasında avqustun 13 və 14-də qeydə alınan güclü leysan yağışları nəticəsində ölü sayının 10-a çatdığı bildirilib.

Hadisə zamanı ölənlər arasında evində zəhərlənmə nəticəsində həyatını itirən gənc kişi də var. O, elektrik enerjisinin kəsilməsi səbəbindən kondisioneri işlətmək üçün generatorun yanında yatarkən dəm qazından zəhərlənib.

Qurbanların böyük hissəsi leysan zamanı su altında qalan və bloklanmış avtomobillərdə boğulma nəticəsində dünyasını dəyişən şəxslərdir. Hazırda Böyük Tokio zonasına daxil olan Tiba yollarında sahibləri tərəfindən tərk edilmiş və nasaz vəziyyətə düşmüş 1 200-dən çox avtomobil saxlanır.

Yağıntılar bəzi ərazilərdə 350 millimetrə qədər çatıb ki, bu da həmin dövrdəki aylıq norma göstəricisindən təxminən üç dəfə çoxdur. Hadisə nəticəsində 1 100-dən çox ev su altında qalmışdır.

Təbii fəlakətin təsiri ilə 7 000-dən çox yerli sakin evlərini tərk edərək idman zalları və digər ictimai binalarda təşkil olunmuş təxliyə məntəqələrinə yerləşdirilib.