Seleksiya və toxumçuluq sahəsində fəaliyyət göstərən toxum əməliyyatçılarının qeydiyyatı və toxumlara sortluq və səpin keyfiyyətini təsdiq edən sertifikatların verilməsi üçün yeni dövlət rüsumları müəyyən edilib.
İqtisadçı Natiq Cəfərli rəsmi məlumata istinadən bildirib ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun informasiya sistemindən çıxarışın verilməsinə görə 50 manat tələb olunacaq. Eyni sistemdən çıxarışın dublikatı üçün 10 manat, toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatın verilməsi üçün isə hər bir sənəd üzrə 25 manat rüsum müəyyənləşdirilib.
Cəfərli qeyd edib ki, əgər sertifikatın verilməsi laboratoriya və digər xərclər tələb edirsə, müəyyən məbləğin tətbiqini başa düşmək olar. Lakin informasiya sistemində mövcud olan sənədin sadəcə çap olunub təqdim edilməsi üçün 50 manat alınmasının əsaslandırılması sual doğurur. O, həmçinin sertifikatın dublikatının çapı üçün 10 manatın da artıq olduğunu vurğulayıb.
İqtisadçı əlavə edib ki, bu tip rüsum və cərimələrin ümumi həddi artdıqca onlar iqtisadiyyatda ciddi xərclər kateqoriyasına çevrilir və iqtisadi aktivliyi sıxır.
Açıqlamada tətbiq olunan yeni məbləğlər belədir: informasiya sistemindən çıxarış — 50 manat, dublikat çıxarış — 10 manat, sertifikat (bir sənəd) — 25 manat.