ABŞ Prezidenti Donald Trampın Lonq-Aylenddəki mitinqdə çəkilmiş kadrlarda kostyumunun arxasında qutu formasında görünən qabarıqlıq diqqət çəkib. Kadrları paylaşan Ağ Evin mətbuat katibi Karolin Levitin yaydığı görüntülərdə çıxıntının yeriyərkən də formasını saxladığı görünür.

Görüntülərin ictimailəşməsindən sonra sosial media istifadəçiləri və ictimai fiqurlar müxtəlif ehtimallar irəli sürüblər. Müstəqil jurnalist Aaron Rupar beldə “hansısa bir cihaz” olduğunu iddia edib. Hüquqşünas Corc Konuey və tennisçi Martina Navratilova isə həmin görünüşün böyüklər üçün nəzərdə tutulmuş alt bezindən qaynaqlana biləcəyini bildiriblər.

Başqa istifadəçilər Trampın kolostomiya torbası daşıdığını və ya estetik əməliyyat nəticəsində belə bir görünüş yarandığını yazıblar. Trampın bioqrafiyasını işləyən Maykl Vulf isə alt bezinin varlığına dair hər hansı bir sübut olmadığını qeyd edib. Ağ Ev bu məsələyə dair hələlik açıqlama verməyib.

Hadisə prezidentin səhhəti barədə sualları yenidən gündəmə gətirib; daha əvvəl onun əllərindəki göyərmələr, topuqlarındakı şişkinlik, boynundakı qızartı və tədbirlər zamanı yuxuya getməsi kimi sağlamlıqla bağlı müşahidələr məruz qalmışdı.

Həmin mitinq zamanı Tramp Nyu-York Baş Prokuroru vəzifəsinə dəstəklədiyi Sarita Komatireddinin adını xatırlamaqla bağlı çətinlik yaşamış, kürsüdən namizədin adını çəkə bilməyərək “Bu gün ilk dəfə görüşdüyüm və baş prokurorluğa namizədliyini dəstəklədiyim bir şəxs var. Haradasınız? Xanım, haradasınız?” demişdi.