Tunisin şimal-şərqində, Qayruan vilayətinin Şərarda rayonunda qədim artefakt və xəzinə axtarışı zamanı üç gəncin yeraltı tunellərdə həlak olduğu bildirilib.
İtkin düşmə barədə məlumat əsasında avqustun 17-si axşam saatlarında axtarış-xilasetmə əməliyyatı başlandığı və axtarışlar zamanı birinin motosikleti aşkarlandığı qeyd olunub. Motosiklet həmin ərazidə yeraltı tunellərə aparan quyunun yerini müəyyən etməyə imkan verib.
Hadisənin gənclərin avqustun 16-na keçən gecə quyuya düşməsi ilə əlaqəli olduğu və həmin quyunun təxminən səkkiz metr dərinlikdən dar tunellərə açıldığı bildirilir.
Ölümün dəqiq səbəbi hələ müəyyən edilməyib. Verilən versiyalara görə, torpaq uçqunu nəticəsində və ya qazıntılarda istifadə olunan avadanlıqdan sızan qaz səbəbindən boğulma mümkündür.
Cəsədlərin axtarışı və çıxarılması üzrə əməliyyat avqustun 18-i səhər saatlarına qədər davam edib.
Qayruan şəhəri VII əsrdən etibarən Şimali Afrikada ərəb-müsəlman mədəniyyətinin mərkəzlərindən biri olub və bölgədə çoxsaylı arxeoloji abidələr mövcuddur. Bu zəngin tarixi irs tədqiqatçıları olduğu kimi, qanunsuz qazanc məqsədilə gizli xəzinə axtaranları da cəlb edir.