Azərbaycan üçün 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramında hava nəqliyyatının imkanlarının genişləndirilməsi prioritetə çevrilib. Sənəddə hava gəmisi istismarçılarının uçuş coğrafiyasının artırılması və mövcud uçuş marşrutlarının intensivliyinin yüksəldilməsi planlaşdırıldığı vurğulanır.
Proqram çərçivəsində aviabiletlərin qiymətlərinin daha əlçatan olması üçün tədbirlərin görülməsi nəzərdə tutulur. Eyni zamanda, regionlarda yerləşən hava limanlarının potensialından daha səmərəli istifadə etmək məqsədilə həmin hava limanlarına yeni beynəlxalq uçuşların cəlb edilməsi də planlara daxil edilib.
Sənəddə aşağıbüdcəli aviaşirkətlərin region hava limanlarına təşviq edilməsi və bu istiqamətdə məqsədyönlü addımların atılması da göstərilir. Həmçinin xarici ölkələrlə birbaşa hava əlaqələrinin coğrafiyasının genişləndirilməsi və uçuş tezliyinin artırılması tədbirlər sırasındadır.
Bu təşəbbüslər turizm axınının gücləndirilməsi, regional infrastrukturun inkişafı və hava nəqliyyatı xidmətlərinin daha geniş təbəqə üçün əlçatan olması məqsədini daşıyır.