Son illərdə Azərbaycan turizmində bir sıra islahat və layihələr həyata keçirilsə də, ölkənin regionda rəqabət qabiliyyətinin yüksəldilməsi hələ də aktual məsələ olaraq qalır. Quru sərhədlərinin bağlı olması, yüksək aviabilet qiymətləri və xarici turoperatorlarla yetərli əməkdaşlığın olmaması turistlərin seçimində əngəl yaradır.

Türkiyə və Gürcüstan kimi region ölkələri daha geniş tanıtım kampaniyaları, əlçatan nəqliyyat əlaqələri və xarici bazarlara yönəlmiş aktiv marketinq nəticəsində turistlər üçün ciddi alternativlər təqdim edir. Azərbaycanda isə təbii və tarixi-mədəni imkanların daha səmərəli istifadə olunması və səfərləri daha əlçatan etmək vacibdir.

Turizm eksperti Ceyhun Aşurovun qeyd etdiyi kimi, statistik göstəricilər Azərbaycana gələn turistlərin sayında azalma olduğunu göstərir. Onun sözlərinə görə, təxminən 10 faizlik azalma müşahidə edilir.

Aşurov bildirir ki, Dövlət Turizm Agentliyi tərəfindən 2026–2030-cu illəri əhatə edən turizmin inkişafı proqramı hazırlanıb və proqramın bəzi məzmunları artıq açıqlanıb. O, proqram çərçivəsində zəruri addımların atılmasının nəzərdə tutulduğunu vurğulayıb.

Ekspert hesab edir ki, turist sayını artırmaq üçün ölkəyə giriş imkanlarının sadələşdirilməsi əsas prioritet olmalıdır. Quru sərhədlərinin bağlanması müəyyən məhdudiyyətlər yaratsa da, beynəlxalq hava limanlarının imkanlarından daha effektiv istifadə etməklə bu çatışmazlığın bir hissəsi kompensasiya oluna bilər.

Aşurovun fikrincə, regionlarda yerləşən hava limanlarının potensialından daha geniş istifadə edilməli və həmin trayektorlara uçuşların sayı artırılmalıdır. Dünya və regionun iri şəhərləri ilə birbaşa hava bağlantılarının yaradılması turist axınının artmasına mühüm təsir göstərə bilər. Aviaşirkətlər üçün daha əlverişli tənzimləmələr tətbiq etməklə uçuşların qiymətlərini aşağı salmaq da mümkün ola bilər və bunun nəticəsində turist sayında əhəmiyyətli artım əldə etmək olar.

O həmçinin qeyd edib ki, Azərbaycanda hotel və ictimai iaşə xidmətlərinin qiymətləri region ölkələri ilə müqayisədə rəqabət qabiliyyətlidir. Yəni ölkə daxilində qalma, qidalanma və digər xidmətlər baxımından qiymətlər nisbətən əlverişlidir.

Lakin ən böyük dezavantajlardan biri turistin ölkəyə gəlib çıxana qədər çəkdiyi nəqliyyat xərclərinin yüksək olmasıdır. Aşurovun verdiyi qiymətləndirməyə görə, tur paketlərində nəqliyyat xərcləri ümumi xərclərin təxminən 40–45 faizini təşkil edir və bu, Azərbaycanın rəqabət qabiliyyətinə mənfi təsir göstərir.

Nəticə etibarilə ekspert vurğulayır ki, turizmin inkişafı yalnız daxili xidmətlərin keyfiyyətinin və qiymət siyasətinin yaxşılaşdırılmasından ibarət olmamalıdır. Turistin ölkəyə gələnədək çəkdiyi yol və nəqliyyat xərclərinin optimallaşdırılması da vacibdir. Bu istiqamətdə addımlar atılarsa, Azərbaycanın region turizm bazarında mövqeyi güclənə və ölkəyə daha çox turist cəlb etmək mümkün olar.