Slovakiyanın paytaxtı Bratislavada davam edən güləş üzrə U-20 dünya çempionatında üçüncü yarış günü bir neçə çəkidə finalçılar müəyyənləşib.

Yunan-Roma güləşində 60 kq-da çıxış edən Ayxan Cavadov turnirə güclü başlayıb. O, fransalı Maqomed Varayevə qarşı görüşü 9:0 hesabı ilə başa vurub və 1/4 final mərhələsinə yüksəlib. Ardınca braziliyalı Pedro Enrike de Souza Rodriqesi 6:2 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Yarımfinalda Ayxan Cavadov iranlı Əmirəli Heydərini 4:3 hesabı ilə üstələyib və ikinci dəfə U-20 dünya çempionatının finalına vəsiqə əldə edib. O, finalda özbəkistanlı Dostonbek Oripovla qarşılaşacaq.

82 kq-da çıxış edən Elmin Əliyev ilk iki görüşünü vaxtından əvvəl bitirərək qələbə qazanıb. O, əvvəlcə gürcüstanlı Luka Pipiya, sonra yaponiyalı Rondo Kodamaya qarşı 8:0 hesablı nəticə ilə qalib gəlib.

1/4 finalda Elmin Əliyev özbəkistanlı Bekmurod Rustamovu xal prinsipinə əsasən (1:1) mübarizə xaricində qoyub. Halbuki yarımfinalda belaruslu Kiril Valevskiyə 4:7 hesabı ilə uduzub və sabah bürünc medal üçün çıxış edəcək. Onun qarşısına çıxacaq rəqib ya Mohammed Şaban (Misir), ya İsmayıl Bərəkət (Türkiyə), ya da Severi Maeenpaeae (Finlandiya) olacaq.

Qadın güləşində 53 kq-da yarışan Esra Məmmədli təsnifat mərhələsində qazaxıstanlı Dinara Dauylkızıya 1:7 hesabı ilə uduzub.

72 kq-da mübarizə aparan Zəhra Kərimzadə isə yarışa 1/4 finaldan qoşularaq türk rəqibi İlayda Çini tuşla məğlub edib. Sonrakı görüşdə hindistanlı Tanu Şarmaya 0:11 hesabı ilə uduzaraq final şansını itirib. Zəhra növbəti mərhələdə Liliana Kazmina (Rusiya) ilə Petra Muellerin (Macarıstan) görüşünün qalibi ilə qarşılaşacaq.