Ucar rayonunda avqustun 17-də gecə saatlarında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində digər avtomobillə toqquşub yerindən uzaqlaşan nəqliyyat vasitəsinin sürücüsü polis tərəfindən müəyyən edilərək saxlanılıb.
Hadisə Bakı-Qazax magistralının Pirkənd kəndindən keçən hissəsində qeydə alınıb. Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Qasım Adıgözəlovun idarə etdiyi “Mercedes” markalı avtomobili arxadan vurulub. Toqquşma səbəbindən nəqliyyat vasitəsi yoldan çıxaraq beton arakəsməyə və işıq dirəyinə çırpılıb.
Qəza nəticəsində avtomobildə olan sərnişinlər xəsarət alaraq tibbi yardım üçün xəstəxanaya aparılıblar. Ucar Rayon Mərkəzi Xəstəxanasına avqustun 17-də saat 03:00-da yatırılan iki kişidən 2005-ci il təvəllüdlü şəxsdə sol bud sümüyünün sınığı, 2003-cü il təvəllüdlü şəxsdə isə sol saidin cırılmış yarası diaqnozu qoyulub. Hər iki pasiyentə zəruri tibbi yardım göstərilib və müalicələri tibb müəssisəsində davam etdirilir, vəziyyətləri stabil hesab olunur.
Sürücünün bildirdiyinə görə, hadisə gecə saatlarında baş verdiyindən onu vuran avtomobilin markasını müəyyən edə bilməyib. Hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır və toqquşaraq hadisə yerindən uzaqlaşan nəqliyyat vasitəsinin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər görülüb.
Qeyd edilir ki, son iki gün ərzində Bakı-Qazax magistralının Ucar rayonundan keçən hissəsində bu 5-ci yol-nəqliyyat hadisəsidir. Faktla bağlı müvafiq hüquq-mühafizə orqanları araşdırmanı davam etdirir.