Ukrayna Silahlı Qüvvələri avqustun 16-na keçən gecə Rusiya ərazisində və işğal olunmuş Ukrayna torpaqlarında bir neçə hərbi və strateji obyektə zərbə endirib.

Baş Qərargahın məlumatına görə, Rostov vilayətinin Kamensk-Şaxtinski şəhərində yerləşən “Kombinat Kamenskiy” müəssisəsi vurulub. Zərbə nəticəsində həmin obyektin ərazisində yanğın yaranıb. "Kombinat Kamenskiy" Rusiyanın müdafiə sənayesi ilə bağlı müəssisələrdən biridir və raketlər üçün bərk yanacaq istehsal edir.

Eyni açıqlamada Krımın Rezervnoye yaşayış məntəqəsi yaxınlığında Rusiya qoşunlarının raket bölməsinin yerləşdiyi əraziyə də zərbə endirildiyi bildirilib.

Zaporojye vilayətinin işğal altındakı Svetlodolinskoye yaşayış məntəqəsi yaxınlığında Rusiya qüvvələrinin hərbi logistika məqsədilə və şəxsi heyətin daşınması üçün istifadə etdiyi dəmir yol körpüsü vurulub.

Donetsk vilayətinin Karlovka ərazisində Rusiya ordusunun maddi-texniki təchizat və döyüş sursatlarının saxlandığı anbarlara zərbələr endirildiyi qeyd olunub.

Baş Qərargah, son günlər həyata keçirilən digər zərbələr barədə də məlumat yayıb. Tümen vilayətinin Tobolsk şəhərindəki “ZapSibNeftexim” neft-kimya kompleksi əvvəlki hücumdan sonra fəaliyyətini dayandırıb. Orenburq vilayətinin Orsk şəhərində yerləşən “Orsknefteorqsintez” neft emalı zavoduna avqustun 11-də zərbə endirildiyi və orada yanğın baş verdiyi vurğulanıb.

Ukrayna Baş Qərargahı Rusiya qüvvələrinin mühüm hərbi obyektlərinə qarşı əməliyyatların davam etdiriləcəyini bildirib.