"Sabah" komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) komandasına qarşı keçiriləcək qarşılaşmanı səbirsizliklə gözləyir.

Baş məşqçi Valdas Dambrauskas mətbuat konfransında raundun ilk oyunundan öncə fikirlərini bölüşərək qeyd edib ki, bu mərhələ klub üçün əlamətdardır, çünki komanda tarixində ilk dəfə pley-offa çıxıb və qarşıdakı görüşü böyük maraqla gözləyirlər.

Mütəxəssis həmçinin rəqibi bu mərhələyə yüksəlməsi münasibətilə təbrik edib və vurğulayıb ki, iki həftə sonra komandalardan biri Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq tarix yazacaq. Dambrauskas əlavə edib ki, "Sabah" başlanğıcdan etibarən favorit sayılmayıb və rəqib barədə eyni fikri söyləmək mümkündür, lakin hər iki komanda bu səviyyədə oynamaya layiq olduğunu nümayiş etdirib.

Baş məşqçi matçın bərabər səviyyəli qarşılaşma olacağını və komandasının Bakıdakı cavab oyununa hazır olduğunu da bildirib.

Bakı vaxtı ilə avqustun 19-u saat 23:00-da Buxarestdəki "Quleşti" stadionunda keçiriləcək "Hapoel" – "Sabah" matçından sonra cavab görüşü avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq və ona saat 20:45-də start veriləcək.