Danimarka ordusunun çağırış sistemi qaydasında ilk dəfə bir qrup çağırışçı Qrenlandiyaya göndərilib.
Gələn əsgərlər tanımadıqları mühitdə hərbi bacarıqlarını tətbiq edəcək və təkmilləşdirəcəklər. Onlar "Arctic Endurance" təlimləri çərçivəsində əməliyyat xidmətində iştirak edəcək və Arktikada baza hazırlığı üçün qrenlandiyalı həmkarları ilə əməkdaşlıq edəcəklər.
Fevral ayında 11 aylıq xidmətə çağırılan Şlezviq piyada alayının gənc əsgərlərindən ibarət ilk qrup avqustun əvvəlində adanın paytaxtı Nuuk şəhərinin hava limanına enib.
Qrupa daxil olanların bir hissəsi adanın qərbindəki Kanqerlussuaq məntəqəsində, digərləri isə Nuukda qalacaq. Kanqerlussuaq Şimal Qütb dairəsindən şimalda yerləşir və qayalı yamacları, ağacsız geniş açıq sahələri ilə seçilir.