Son günlər bir sıra vətəndaşlar myGov platformasında şəxsi məlumatlara girişlə bağlı onlardan razılıq tələb edildiyini bildirirlər və bu sorğuların Kapital Bank tərəfindən göndərildiyini qeyd edirlər.

Sosial şəbəkələrdə yayılan şikayətlərə görə, bankla əlaqə saxlamayan şəxslərin adından myGov sistemi üzərindən məlumat yoxlanışı üçün icazə sorğuları göndərilir və bu vəziyyət narahatlıq doğurub.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov mövzunun hüquqi tərəflərinə toxunub. O bildirib ki, bankların vətəndaşların adından dövlət qurumlarına və ya digər təşkilatlara sorğu göndərməsi qanunvericilik baxımından pozuntu sayıla bilər.

Bəşirovun sözlərinə görə, banklar müştərilərə təqdim etdikləri xidmətlər çərçivəsində bəzi elektron sistemlərdən məlumat almağa ehtiyac duyurlar və yüksək operativlik üçün bu cür sorğular müqavilə əsaslı ola bilər. Lakin vətəndaşa göstərilməyən və xidməti məqsədlə əlaqəli olmayan şəxsi məlumatların əldə edilməsi qanunsuz hesab olunur və belə hallarda həmin məlumatların alınması yalnız notarial qaydada təsdiqlənmiş etibarnamə əsasında mümkündür.

O həmçinin vurğulayıb ki, bank və ya onun əməkdaşı vətəndaşın adından sorğu göndərmək səlahiyyətinə malik deyilsə, bu təşəbbüs qanuna uyğun deyil. Vətəndaşın razılığı və etibarnamə olmadan şəxsi məlumatların əldə edilməsi yolverilməzdir.

Xəyal Bəşirov əlavə edib ki, dövlət qurumları onlara daxil olan sorğulara cavab verərkən sorğunu göndərənin səlahiyyətini təsdiq edən sənəd tələb etməlidirlər. Əks təqdirdə, həm sorğunu göndərən təşkilat, həm də cavab verən dövlət orqanı qanun pozuntusuna yol vermiş sayılır.

Məsələ ilə bağlı Kapital Banka ünvanlanmış sorğuya cavab verilməyib.