Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko Azərbaycan Prezidenti İlham Əliyevlə baş tutan görüş barədə məlumat paylaşaraq təşəkkürünü bildirib.
Yuşşenko sosial şəbəkədə görüşün çox səmimi və məzmunlu keçdiyini qeyd edib. Görüşdə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husev də iştirak edib.
Sabıq Prezident Azərbaycanla uzun müddətli dostluq əlaqələrinin olduğunu vurğulayaraq bunun 1989-cu ildə Naxçıvanda Ulu Öndər Heydər Əliyevlə tanışlığı ilə başladığını xatırladıb.
O əlavə edib ki, Prezident İlham Əliyevlə şəxsi dostluqları 20 ildən artıqdır davam edir və hər iki tərəf Azərbaycan–Ukrayna münasibətlərinin güclənməsi üçün birgə fəaliyyət göstərir.
Yuşşenko əməkdaşlığın əsas nailiyyətlərindən birinin iki ölkə arasında strateji tərəfdaşlığın rəsmi şəkildə təsbit edilməsi olduğunu vurğulayıb. O bildirib ki, 22 may 2008-ci il tarixində Prezident İlham Əliyevin Kiyevə rəsmi səfəri zamanı Ukrayna ilə Azərbaycan arasında Dostluq və Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb.
Sabiq Prezidentin sözlərinə görə, həmin sənəd münasibətlərin strateji mahiyyətini müəyyən edib və qarşılıqlı əlaqələrin gələcək inkişafı üçün dayanıqlı baza yaradıb.
Görüş zamanı iki ölkənin cari vəziyyəti və perspektivləri, ikitərəfli əməkdaşlığın genişləndirilməsi, eləcə də tərəflərin komanda üzvlərinin üzərində işləməyə davam edəcəyi konkret layihələr müzakirə olunub.
Yuşşenko Azərbaycan tərəfindən Ukraynaya göstərilən davamlı dəstəyə, humanitar yardıma, ukraynalı uşaqlara göstərilən diqqətə və ölkəsinin suverenliyi ilə ərazi bütövlüyünə hörmətə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkürünü bildirib.
O həmçinin əminliyini ifadə edib ki, Azərbaycanla Ukrayna arasındakı strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hörmət gələcəkdə də önəmli birgə layihələrdə özünü göstərəcək.