Paytaxtın Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində üç nəfərin bıçaqlanması ilə nəticələnən insidentin detallarına aydınlıq gətirilib.

Hadisədə bıçaqlanan şəxslər Balakən rayonundan olan Sərvər Qərib oğlu Kərimov (1983-cü il təvəllüdlü), Vidadi Famil oğlu Bubuşov (1986-cı il təvəllüdlü) və Elnur Abdulla oğlu Xocaxov (1988-ci il təvəllüdlü) həmin evdə kirayə qalan şəxslər olub. Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə Masallı rayon sakini Murad Quliyev (1989-cu il təvəllüdlü) eyni binada ayrı otaqda yaşayırmış.

Məlumata görə, Quliyev bir müddət əvvəl həbsdən çıxıb və tək yaşayıb, Bakıdakı hərbi hissələrdən birində usta kimi işləyib. O, işdə olduğu zamanlarda da otağını kirayəyə verirmiş, lakin tez-tez evə gəlib qonşu otaqda qalan şəxslərlə birlikdə yemək yeyirmiş.

Hadisədən bir gün əvvəl Quliyev evdə olmayıb və həmin vaxt Balakən rayon sakinləri onun otağından istifadə ediblər. Onlardan biri Murada xəbər verib ki, onun otağından istifadə olunub, bu isə Muradın narazılığına səbəb olub və tərəflər arasında mübahisə düşüb.

Mübahisə zamanı Balakən rayon sakinlərindən biri Muradı vurub. Daha sonra Murad otağında olan stol üzərindəki bıçaqla həmin üç şəxsə zərbələr endirib və hadisə yerindən qaçıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Murad Quliyev saxlanılıb. Hadisənin digər təfərrüatları və hüquqi qiymətləndirilməsi ilə bağlı müvafiq orqanlar araşdırma aparır.