Xankəndinin Kərkicahan qəsəbəsində yerləşən "Şah əsəri" restoranının önündə mübahisə qeydə alınıb.
Hadisədə 23 və 22 yaşlı iki gəncin restoranda yüksək səslə nalayiq ifadələr işlədərək dava etdikləri bildirilir. Mübahisə zamanı onlardan biri bıçaq xəsarətləri alıb.
Hadisə yerinə çağırılan polis əməkdaşları şəxsləri bölməyə aparmaq istəsələr də, gənclər qanuni tələblərə əməl etməyib və nəticədə hər iki şəxs saxlanılıb. Onların saxlanılmasından sonra müvafiq inzibati protokollar tərtib edilib.
Məlumata görə, həmin gecə restoranda bir xanımın ad günü keçirilirmiş və 23 və 22 yaşlı dostlar da tədbirdə iştirak ediblər. Gecə saatlarında həmin xanımın anası sərxoş olduğu iddia edilən qızını aparmaq istəyərkən, anası ilə inzibati icraat olunan şəxslər arasında mübahisə yaranıb. Münaqişə restoranın önündə davam edərək asayişin pozulmasına səbəb olub.
Məhkəmə qərarı ilə 23 yaşlı şəxs 20 gün, 22 yaşlı isə 15 gün müddətinə inzibati qaydada həbs edilib.