Xırdalan ilə Sumqayıt arasındakı sərnişin qatarları yenidən hərəkətə başlayacaq.
Məsələ barədə Azərbaycan Dəmir Yolları məlumat yayıb. Bildirilib ki, 2025–2030-cu illər üçün Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi proqramı çərçivəsində Xırdalan–Güzdək sahəsində nəqliyyat keçidi tamamlanıb və bununla əlaqədar hazırlıq işlərinə start verilib.
Hazırda Xırdalan–Sumqayıt xəttinin yol infrastrukturuna baxış aparılır, eyni zamanda həmin marşrut üçün müəyyən olunacaq yeni reyslərdə istifadə ediləcək qatar tərkiblərinin təmiri davam edir. Bu işlər başa çatdıqdan sonra Bakı–Xırdalan–Sumqayıt marşrutu üzrə hərəkət tam bərpa olunacaq.
Rəsmi məlumata görə, Sumqayıta qatarların hərəkəti yeni tədris ilinin başlanmasına qədər təmin ediləcək. Həmin qatarlar həftənin bütün günləri mövcud dayanacaqlarda xidmət göstərəcək.