Xırdalanda birlikdə yaşadığı qadının evindən qızıl-zinət əşyalarını oğurlayan şəxsə qarşı məhkəmə hökmü çıxarılıb.

Hadisə zamanı təqsirləndirilən şəxs qadının evdən çıxmasından istifadə edərək yataq otağındakı dolabdan qızıl boyunbağı, iki qızıl kulon, bir cüt qızıl sırğa və qızıl üzük götürüb. O, əşyaları Bakı şəhəri, Nəsimi rayonunda yerləşən mağazada tanımadığı şəxsə 1 800 manata satdığını və satışdan əldə etdiyi pulu şəxsi ehtiyaclarına və borclarının ödənilməsinə xərclədiyini bildirib.

Zərərçəkmiş bildirib ki, oğurlanan zinət əşyalarının ümumi dəyəri 4 900 manat təşkil edir: 700 manatlıq qızıl boyunbağı, 200 və 1 000 manatlıq iki qızıl kulon, 3 000 manatlıq sırğa və brilyant dəst. O, dəymiş ziyanın ödənilmədiyini və əşyaların qaytarılmasını tələb edib.

Hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra şübhəli şəxs saxlanılıb və ona Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan edilib. Məhkəmə prosesində təqsirləndirilən şəxs ittihamı qəbul edib.

Abşeron Rayon Məhkəməsi təqsirləndirilən şəxsin həmin maddə üzrə təqsirini sübut edərək ona 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Qeyd olunub ki, onun daha əvvəl başqa cinayət işi üzrə məhkumluğu da mövcuddur: öncəki hökm əsasında 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 4 ay müddətinə həbs cəzası verilmişdi.

Hazırkı iş üzrə təyin edilən 1 il 3 aylıq cəza əvvəlki hökm ilə qismən toplanaraq nəticədə şəxsə qəti olaraq 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası tətbiq olunub. Əvvəlki işdə nəzərə alınmış 11 ay 10 gün və hazırkı iş üzrə tutulduğu 3 gün — ümumilikdə 11 ay 13 gün — cəzadan çıxılıb.

Məhkəmənin yekun qərarı ilə şəxsin üzərində qəti olaraq 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 17 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.