Bu ilin yanvar-iyul aylarında Azərbaycanda avtomobil benzininin istehsalı 828,4 min ton səviyyəsində olub.
Dövr ərzində avtomobil benzini istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artıb. Hesabat dövründə neft məhsullarının ümumi istehsal dəyəri 3 463,2 milyon manat təşkil edib ki, bu da 2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 4,9 faiz azalmanı göstərir.
Eyni dövrdə ölkədə mazut istehsalı 74,2 min ton olub və illik müqayisədə mazut istehsalı 31,1 faiz artıb. Dizel yanacağının istehsalı 1 360,2 min ton təşkil edib ki, bu göstərici əvvəlki ilin eyni dövrünə nisbətən 1,9 faiz azalıb.
Yanvar-iyul aylarında 26,3 min ton sürtkü yağı və 81,7 min ton neft bitumu istehsal olunub. Sürtkü yağlarının istehsalı 20,1 faiz artarkən, neft bitumu istehsalı 42,2 faiz azalıb.
Hesabat dövründə həmçinin 107,2 min ton maye qaz, 322,6 min ton ağ neft və 140,3 min ton neft koksu istehsal edilib. Neft koksu istehsalı illik müqayisədə 10 faiz artıb, ağ neft istehsalı 20,3 faiz, maye qaz istehsalı isə 19,8 faiz geriləyib.
Ölkədə əsas yanacaq məhsullarının istehsalı Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilir. Bu müəssisə ölkənin benzin, dizel və aviasiya yanacağı tələbatının ödənilməsində həlledici rol oynayır və istehsal etdiyi məhsulların bir hissəsi xarici bazarlara ixrac olunur.
Zavodun modernləşdirilməsi və yenidən qurulması layihəsi çərçivəsində istehsal tutumunun artırılması, "Avro-5" standartına cavab verən yanacaqların istehsalı, həmçinin Azərikimya İB-nin xammal təchizatının yaxşılaşdırılması və neft məhsullarının ixrac imkanlarının genişləndirilməsi planlaşdırılır.