Ukrayna Ali Radası Yevgeni Xmaranın müdafiə naziri postuna təyinatını 312 deputatın lehinə səs verməklə rəsmiləşdirib. Xmara iyul ayında hökumət strukturunda aparılan dəyişiklikdən sonra müdafiə idarəsinin rəhbəri vəzifəsini müvəqqəti icra edirdi.
Xmara parlamentə təqdim olunmazdan əvvəl çıxış edərək bildirmişdir ki, o, artıq hərbi xidmətə aidiyyəti olmayan, mülki şəxs statusundadır və Hərbi vəzifə və hərbi xidmət haqqında Qanunun 26-cı maddəsinə əsasən xidmətdən azad olunub.
Yeni nazir fəaliyyətində əsas prioritetlər kimi cəbhənin möhkəmləndirilməsini və hərbçilərin silah və digər vasitələrlə operativ təminatını, Rusiya hərbi və strateji obyektlərinə qarşı "deep strike" və "middle strike" əməliyyatlarının həyata keçirilməsini, Ukraynanın hərbi-sənaye kompleksinin inkişafını və silah istehsalının artırılmasını, həmçinin hərbi qulluqçuların müdafiə və dəstəklənməsi ilə bağlı ədalətli qaydaların tətbiqini vurğulayıb.
Xmara həmçinin prezident, parlament, hökumət, Baş Qərargah, Müdafiə Nazirliyi, ordu, istehsalçılar və tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib və müharibədə strateji təşəbbüsün Ukraynanın əlində olmasının əsas məqsəd olduğunu, bu istiqamətdə yerli istehsal və uzaqmənzilli zərbələrin həlledici rol oynayacağını bildirib.
Eyni iclasda Ali Rada Andrey Sibiqanı Ukraynanın xarici işlər naziri vəzifəsinə təyin edib; bu qərarı 266 deputat dəstəkləyib.