YouTube platforması videoların ictimai baxış sayının hesablanması qaydasını yeniləyib.
Şirkət bildirib ki, ötən il yalnız Shortslar üçün tətbiq edilən yeni hesablama prinsipi indi platformadakı bütün video formatlarına şamil olunur: uzun videolar, qısa formatlı Shortslar və canlı yayımlar.
Yeni yanaşmaya görə, həm oynadılmağa başlayan, həm də təkrar göstərilən məzmunlar baxış kimi qeydə alınacaq. İzləyicinin hansı üsulla videonu izləməsindən asılı olmayaraq, yayıma başladığı andan baxış sayına əlavə olunur.
YouTube dəyişikliklərin sənaye standartlarına uyğunluq və platformada videoların çatdığı real auditoriyanı daha düzgün əks etdirmə məqsədi daşıdığını vurğulayıb.
Bu yenilik kontent yaradıcılarına videolarının neçə nəfərə çatdığını daha aydın müəyyən etməyə kömək edə bilər. Eyni zamanda hesablanma qaydasının dəyişməsi bəzi kanallarda göstərilən ümumi baxış sayının artması ilə nəticələnə bilər.