Ukraynanın keçmiş Prezidenti Viktor Yuşşenko Bakıya son səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

Yuşşenko görüş barədə özünün sosial media hesabında paylaşım edib və görüşün səmimi və məzmunlu şəraitdə keçirildiyini bildirib.

O, iki ölkə arasındakı dostluq münasibətlərinə toxunaraq Azərbaycan tərəfi ilə dialoqun vacibliyini vurğulayıb və görüşdə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husevinin də iştirak etdiyini qeyd edib.

Sabiq prezident həmçinin şəxsi dostluğunun tarixindən söz açaraq bunun 1989-cu ildə Naxçıvanda Heydər Əliyevlə tanışlıqdan başladığını xatırlayıb. İlham Əliyevlə isə onu 20 ildən artıq davam edən şəxsi əlaqələr və iki dövlət arasında əməkdaşlığın möhkəmlənməsi üçün birgə fəaliyyət birləşdirir.

Yuşşenko həmçinin 22 may 2008-ci il tarixində İlham Əliyevin Kiyevə rəsmi səfəri zamanı Ukrayna ilə Azərbaycan arasında Dostluq və Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalandığını və bu sənədin münasibətlərin strateji xarakterini müəyyən etdiyini vurğulayıb.

Görüş zamanı ölkələrarası hazırkı vəziyyət, gələcək əməkdaşlıq və komandaların icra edəcəyi konkret layihələr barədə müzakirələr aparıldığını bildirib.

O, Ukraynaya davamlı dəstək, göstərilən humanitar yardım, ukraynalı uşaqlara göstərilən qayğı və Azərbaycanın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi hörmət üçün Prezident İlham Əliyevə və Azərbaycan xalqına xüsusi minnətdarlıq ifadə edib.

Səfərin təşkilinə və Ukrayna–Azərbaycan münasibətlərinin inkişafına verdikləri töhfəyə görə Yuşşenko səfir Yuriy Husevə və Azərbaycanın paytaxtındakı Ukrayna səfirliyinin kollektivinə təşəkkürünü çatdırıb.

O, dostluğun dəyərini yüksək qiymətləndirdiyini və iki ölkə arasındakı strateji tərəfdaşlığın, qarşılıqlı etimadın və hörmətin gələcək birgə işlərdə davam edəcəyinə əminliyini ifadə edib.