Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Azərbaycanın Baş Prokurorluğunun rusiyalı jurnalistlərin axtarışda olması barədə açıqlamaları Moskvanın Bakı ilə münasibətlərinə dair rəsmi mövqeyini əks etdirmir.

Zaxarova brifinqdə vurğulayıb ki, adı çəkilən şəxslərin ifadələri Rusiya hökumətinin siyasətinə bağlı deyil: “Hesab edirik ki, Rusiya-Azərbaycan münasibətləri mövcud ikitərəfli hüquqi baza, ilk növbədə 2022-ci il fevralın 22-də Moskvada ən yüksək səviyyədə imzalanmış Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamə əsasında inkişaf etməlidir”.

Avqustun 17-də Azərbaycan Baş Prokurorluğu Rusiyanın üç vətəndaşının beynəlxalq axtarışa verildiyini açıqlayıb. Axtarışa verilənlər arasında “Moskva 24” telekanalının aparıcısı və jurnalist İvan Andreyeviç Knyazev, özünü siyasi məsləhətçi və media eksperti kimi təqdim edən Semyon Sergeyeviç Uralov, eləcə də televiziya jurnalisti və Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Aleksandroviç Çadayev yer alır.

Baş Prokurorluğun bildirdiyinə görə, onlara qarşı Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış, ərazi bütövlüyünün pozulması, etnik nifrət və düşmənçiliyin qızışdırılması və terrorizmə açıq çağırışlar üzrə cinayət işi başlanaraq ilkin istintaq aparılır.

Eyni gün səhər Azərbaycan Xarici İşləri Nazirliyi Rusiya səfiri Mixail Yevdokimovu çağıraraq, Rusiyada yayılan bəzi açıqlamalara görə sərt etiraz bildirib və məsələ ilə bağlı mövqeyini çatdırıb.