Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 23-də Kiyevdə keçirilən mətbuat konfransında ölkəsinin “Şimal axını“ boru kəmərinin partladılmasında iştirak etməsi barədə iddiaları rədd edib.
Zelenski bildirib ki, Kiyev hadisənin bütün təfərrüatlarının müəyyən edilməsi üçün tərəfdaşlarla əməkdaşlığa hazırdır və Ukrayna hüquq-mühafizə orqanları həmin əməkdaşlıqda artıq iştirak edir.
Prezident həmçinin qeyd edib ki, bu məsələ ilə bağlı Kiyev Almaniya ilə yüksək səviyyədə əvvəllər də müzakirələr aparıb və Ukrayna müvafiq əməliyyatın planlanmasının və həyata keçirilməsinin arxasında dayanmayıb.
Rəsmi istintaqın davam etdiyini vurğulayan Zelenski ittihamların irəli sürüldüyü və şahidlərin dindirildiyi barədə məlumat verib. O, həmçinin aralarında ukraynalıların da olduğu vətəndaşlarla bağlı hallar üzrə araşdırmaların aparıldığını bildirib.
Ukraynanın Baş Prokurorluğu və Xarici İşlər Nazirliyinin bu məsələ ilə məşğul olduğunu, həmçinin tərəfdaşlarla daimi əlaqənin saxlandığını söyləyən prezident əlavə edib ki, Ukrayna üçün tammiqyaslı müharibənin başlanmasından bəri ona dəstək olan Avropa ölkələrinin etibarını itirməmək vacibdir.