Naxçıvan Muxtar Respublikasının ölkənin əsas elektrik şəbəkəsinə qoşulması və Azərbaycan–Naxçıvan–Türkiyə–Avropa enerji dəhlizinin formalaşdırılması istiqamətində Zəngəzur ötürmə xəttinin birinci tikinti mərhələsi yekunlaşmaq üzrədir.

Layihə çərçivəsində Cəbrayıldan Ağbəndə qədər 74 kilometr məsafədə, ikidövrəli, 1 000 meqavatlıq ötürmə gücünə malik 330 kilovoltluq xətt çəkilib. Bu seqmentdə istifadə olunan anker və aralıq dayaqların sayı 296-ya bərabərdir; hər bir konstruksiya orta hesabla 30 tondan artıq çəkir və təxminən 45 metr yüksəkliyə malikdir. Hazırda işlərin 97 faizi tamamlanıb.

Ötürmə xəttinin tikintisi çətin iqlim və sərt relyef şəraitində həyata keçirilib; qış, yaz və yay aylarında aparılan işlər planlaşdırılandan əvvəl başa çatdırılıb.

Layihənin növbəti mərhələlərində Ordubaddan Naxçıvana qədər təxminən 100 kilometr, Zəngəzur dəhlizini əhatə edən 44 kilometr və Naxçıvandan Türkiyəyə doğru 230 kilometr uzunluğunda yeni ötürmə xətləri çəkilməsi nəzərdə tutulur.

Bu infrastruktur layihəsi Naxçıvanın ölkənin vahid enerji sisteminə tam inteqrasiyasını təmin edəcək, muxtar respublikanın tezlik tənzimləməsində xarici asılılığını aradan qaldıracaq və Avropa enerji bazarlarına çıxış imkanı yaradacaq. Eyni zamanda, layihə çərçivəsində “yaşıl enerji”nin ötürülməsi mümkün olacaq və bu səbəbdən də layihə strategik əhəmiyyət daşıyır.