Avropa Komissiyasının 2025-ci il statistikası Azərbaycan vətəndaşlarının Şengen vizası müraciətlərində ən çox imtina edən ölkələri müəyyən edib.
Məlumata görə, Almaniyada 22 879 müraciətdən 14,3%-i rədd edilib. Macarıstanda 6 717 müraciətin 15,5%-i, Litvada 3 436 müraciətin 15,5%-i, İsveçrədə 1 860 müraciətin 16,3%-i rədd olunub. Slovakiyada 1 570 müraciətdən 19%-i, Bolqarıstanda 1 300 müraciətin 26,19%-i, Xorvatiyada isə 854 müraciətin 16,9%-i imtina səbəbi ilə qarşılaşıb.
Ən yüksək imtina faizi Bolqarıstanda qeydə alınıb.
Statistikada imtinaların 75,2%-nin vizanın təyinatına uyğun istifadə olunmaması ilə əlaqəli olduğu, 24,8%-inin isə təqdim edilən sənədlərdə problemlə bağlı olduğu bildirilib.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri, turizm eksperti Rəhman Quliyev bildirib ki, imtinanın əsas səbəblərindən biri konsulluğun təqdim olunan sənədlər əsasında səfərin məqsədinə və müraciətçinin geri qayıdacağına kifayət qədər əmin olmamasıdır.
O, maliyyə imkanları, iş və gəlir mənbəyi, ailə və sosial bağlar, eləcə də səfər planının real və məntiqli olmasının mühüm rol oynadığını vurğulayıb. Quliyev qeyd edib ki, təqdim edilən məlumatlarla əvvəlki səfərlərin və vizaların istifadə tarixçəsinin uyğun gəlməməsi də ciddi problem yaradır.
Ekspert xüsusi olaraq qeyd edib: “Xüsusilə əvvəlki vizanın verildiyi ölkədən deyil, başqa ölkədən istifadə edilməsi və ya səfər planının vizanın məqsədinə uyğun olmaması konsulluqda sual yarada bilər.”
R.Quliyev əlavə edib: “Viza müraciətində saxta və ya ziddiyyətli sənədlərin təqdim edilməsi müraciətçinin etibarlılığına ciddi zərbə vurur.” O vətəndaşlara səfərin marşrutunu, maliyyə imkanlarını və geri qayıtma əsaslarını real şəkildə sübut etməyi tövsiyə edib və düzgün, şəffaf və bir-birini tamamlayan sənədlərin müsbət qiymətləndirmədə həlledici rol oynadığını qeyd edib.