Yazıçı, tərcüməçi və tarixçi Əlisa Nicatın 90 illik yubileyi qeyd olunur. Bu münasibətlə bir sıra tanınmış qələm sahibləri onu təbrik edib və xatirələrini bölüşüblər.
“Qanun” Nəşrlər Evinin direktoru, naşir Şahbaz Xuduoğlu yazıçını evində ziyarət edib. O, əvvəllər də Əlisa Nicatın yanına baş çəkdiyini, həmin vaxt evdə qaz və istilik sisteminin olmadığını, yəni yazıçının ağır şəraitdə yaşadığını xatırladıb.
Naşir bildirib ki, onu belə vəziyyətdə görən insanlar yardım edib və daha sonra ev müəyyən qədər təmir olunub. Şahbaz Xuduoğlu yazıçının xalq tərəfindən dəstəklənməsinin vacibliyini vurğulayıb və onun “Qızılbaşlar” əsərinin bir vaxtlar çox geniş yayılmasını qeyd edib. O əlavə edib ki, bəzən yazıçıların imzaları onların öz simalarından daha məşhur olur və Əlisa Nicat da belə yazıçılardandır.
Ziyarət zamanı naşir yazıçının gələcək planları barədə soruşub. Əlisa Nicat cavabında əsas arzusunun əsərlərinin çap olunması olduğunu deyib.
Şahbaz Xuduoğlu yazıçının 90 illik ömründə həyata keçirmək istədiyi, lakin edə bilmədiyi işlər barədə sual verib. Əlisa Nicat bununla bağlı belə cavab verib: “Mənim üçün ən ali xoşbəxtlik kitablarımın çap olunması olub. Və buna da tamamilə çatmışam. Ona görə deyirəm, xoşbəxtlik mənim üçün budur”.
Qeyd edək ki, Əlisa Nicat Azərbaycan ədəbiyyatında fəlsəfi hekayə və pritça janrının inkişafına əhəmiyyətli töhfə verib. O, tarixi romanlar və fəlsəfi antologiya-ensiklopediyaların müəllifi kimi tanınır.
Yazıçının əsərləri arasında “Gəncəli müdrik”, “Nağıllara dönən tarix”, “Ehram”, “Sarsılmaz Mir Cəfər”, “Mələklər və iblislər”, “Rza xan”, “Qızılbaşlar”, “Fenomen”, “Əsrin mənzərəsi”, “Sirli xəzinə”, “Müdriklik məbədi”, “Bülbül və gül”, “101 Dahi”, “Qızıl fəlsəfə”, “Tiranlar və kölələr”, “Vətənpərvər” və digər nəşrlər yer alır.