ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişində göstərilən məhdudiyyətlərin tətbiqindən azad edilmə müddətinin uzadılması barədə Konqresə məlumat verib.

Rəsmi sənədlərə görə, Departament iyulun 28-də Senatın Xarici Əlaqələr Komitəsinə, avqustun 10-da isə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə müvafiq bildiriş təqdim edib.

907-ci düzəliş 1992-ci ildə qəbul olunub və ABŞ hökumətinin Azərbaycana birbaşa dövlət yardımı göstərməsini məhdudlaşdırır. 2001-ci ildə isə Konqres Prezidentə bu məhdudiyyətlərin tətbiqini müvəqqəti dayandırmaq səlahiyyəti verib.

O vaxtdan bəri ABŞ prezidentləri hər il 907-ci düzəlişin qüvvəsinin dayandırılmasını uzadır və bununla bağlı Konqresə rəsmi məlumat göndərirlər.