Abşeron rayonunda təşkil olunan iməcilikdə RİH strukturuna daxil olan əməkdaşlar müxtəlif ərazilərdə abadlaşdırma və təmizlik işləri həyata keçiriblər.
İməcilik çərçivəsində əvvəlcə ərazilərə baxış aparılaraq estetik görünüşə zərər verən vəziyyətlər müəyyən edilib. Xırdalan şəhərində məişət tullantılarının toplanması üçün yeni məntəqələr yaradılıb və konteynərlər üçün yerlər ayrılıb.
Bütün şəhər üzrə tullantı məntəqələrinin əraziləri asfaltlanıb, köhnə məntəqələr yenidən təmir olunub. Konteynerlər və məntəqələr yuyulub, zədələnmiş konteynerlər yeni nümunələrlə əvəz edilib, ehtiyac olan məntəqələrdə konteynlərin sayı artırılıb.
İməcilik zamanı bir sıra ünvanda ağacların budanması işləri görülüb, piyadaların hərəkətinə mane olan kol və budaqlar kəsilib, quru otlar biçilib. Həmçinin yaşıllıqların qorunması məqsədilə müvafiq dərmanlanma tədbirləri həyata keçirilib.
Xırdalan şəhərində yerləşən Heydər Əliyev Parkında genişmiqyaslı təmizlik və bərpa işləri aparılıb: park təmizlənib, üzərində rənglənmə işləri görülüb, uşaq və idman meydançaları təmir edilərək oyun və məşq qurğuları rənglənib və sakinlərin istifadəsinə verilib.
Şəhər ərazisində işıq dirəkləri yuyulub, rənglənərək təmir-bərpa olunub və gecə işıqlanması təmin edilib. Bundan başqa, şəhər yollarında cari təmir işləri yekunlaşdırılıb.
Dekorativ divarlar bərpa edilib, qopmuş və zədələnmiş hasar daşları dəyişdirilərək memarlıq ahənginə uyğun rənglənib. Küçələrin təmizliyi üçün xüsusi texnikalardan istifadə olunub.
Park və yol kənarlarında yay mövsümünə uyğun gül kolları əkilib və onlara aqrotexniki qulluq göstərilib. Rayonun “Şəfəq” qəsəbəsindəki parkda isə uşaqlar üçün yeni əyləncə kompleksi və idman qurğuları quraşdırılaraq sakinlərin istifadəsinə verilib.
Rəsmilər bildirir ki, rayon ərazisində abadlıq, təmir və təmizlik işləri, yeni yaşıllıqların salınması və ağacların əkilməsi istiqamətində aparılan tədbirlər bundan sonra da davam etdiriləcək.