Abşeron Rayon İcra Hakimiyyətinin strukturundan olan əməkdaşların iştirakı ilə keçirilən iməclikdə ilkin olaraq ərazilərin ümumi vəziyyəti yoxlanılıb və estetik görünüşə mənfi təsir edən hallar müəyyən edilib.

Xırdalan şəhərində məişət tullantılarının toplanması üçün yeni məntəqələr salınıb, mövcud məntəqələrin əraziləri əhatəli şəkildə asfaltlanıb. Köhnə məntəqələr təmir edilərək konteynerlər yuyulub, ətrafları təmizlənib; istismarı başa çatmış konteynerlər dəyişdirilib və ehtiyac duyulan yerlərdə konteyn sayı artırılıb.

İməclik çərçivəsində bir sıra ünvanlarda ağac budama işləri aparılıb, insanların hərəkətinə maneə törədən kol və budalar təmizlənib. Quru otların biçilməsi və yaşıllıqların qorunması məqsədilə müvafiq dərmanlama işləri həyata keçirilib.

Xırdalan şəhərindəki Heydər Əliyev Parkında genişmiqyaslı abadlıq işləri görülüb: parkın əraziləri təmizlənərək rənglənib, uşaq və idman meydançalarının qurğuları təmir olunub və rənglənərək sakinlərin istifadəsinə verilib.

Şəhər daxilində işıq dirəklərinin yuyulması və rənglənməsi işləri icra olunub, lazımi təmir-bərpa tədbirləri həyata keçirilməklə gecə işıqlanması təmin edilib. Bundan əlavə, yolların cari təmiri aparılıb və küçələr xüsusi texnika ilə yuyulub.

Dekorativ divarlar bərpa edilib, zədələnmiş hasar daşları yeniləri ilə əvəzlənərək ümumi memarlıq tərzinə uyğun şəkildə rənglənib.

Park və yol kənarlarında yay mövsümünə uyğun gül kolları əkilib və onlara aqrotexniki qulluq göstərilib. Həmçinin rayonun “Şəfəq” qəsəbəsindəki parkda uşaqlar üçün yeni əyləncə kompleksi və idman qurğuları quraşdırılaraq sakinlərin istifadəsinə təqdim olunub.

Bildirilib ki, rayon üzrə abadlıq, təmir və təmizlik işləri, yeni yaşıllıqların salınması və ağac əkimi kimi tədbirlər gələcəkdə də davam etdiriləcək.