Azərbaycan Dəmir Yolları QSC Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin uşaqları və onların təlimçiləri üçün qatar səfəri təşkil edib.

Uşaqlar və onları müşayiət edən təlimçilər dəmir yolu vasitəsilə səyahəti yaxından görüb, qatarla tanış olublar və səfər zamanı yeni təəssüratlar qazanıblar. Bu tədbir onlara fərqli bir gün yaşamaq imkanı yaradıb.

Layihə çərçivəsində Mikayıl və dostlarının Mərkəzdən başlayıb qatarla davam edən səfəri film formatında lentə alınıb. Film bir uşağın qatarlara olan marağından yola çıxan və bu marağı dostları ilə paylaşdığı səfərin hekayəsini əks etdirir.

Mərkəzin mütəxəssisləri filmdə autizmli bəzi uşaqlarda qatarlara marağın necə yarana biləcəyini açıqlayıblar. Onların qeyd etdiklərinə görə, qatarın davamlı və nizamlı hərəkəti, təkrarlanan ritmləri, fırlanan çarxlar və pəncərədən ardıcıl dəyişən mənzərələr müəyyən sensor təcrübə təmin edir və bu, bəzi uşaqlar üçün rahatlaşdırıcı ola bilər.

Azərbaycan Dəmir Yolları inklüzivliyin təşviqini vacib hesab edir və fərqli ehtiyacları olan uşaqların ictimai həyata daha fəal qatılmaları üçün yeni təcrübələrin əlçatan olmasını prioritet kimi görür.