Bu gün, avqustun 15-də Azərbaycan teatr və kino sənətinin tanınmış nümayəndəsi, Xalq artisti Afaq Bəşirqızı doğum gününü qeyd edir. Sənətkar 71 yaşına çatıb və dövlət mükafatları — “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif olunub, həmçinin Prezidentin fəxri təqaüdçüsüdür.

Müsahibəsində Afaq Bəşirqızı özünə qismən yaxşı hiss etdiyini bildirərək ad gününü ailə və yaxınları ilə birlikdə keçirəcəyini deyib. Sənətkarın sözlərinə görə, sağlamlığı yavaş-yavaş bərpa olunur.

O, bu günlərdə nəvəsini əsgər yola saldığını və ondan uzaqda olduqda darıxdığını ifadə edib: "Onun üçün çox darıxıram. Amma yanında bir o qədər də büruzə verməməyə çalışıram. Allah qoysa, inşallah, bir az vaxt keçsin, yanına gedəcəm."

Afaq Bəşirqızı gələn mövsümdə telekanallarda və səhnədə olacağını da açıqlayıb. O bildirib ki, "Space" kanalı ilə birillik müqavilə imzalanıb və yaxın vaxtlarda həm serial, həm də tamaşaçılarla görüş xarakterli veriliş yayımlanacaq.

Teatr fəaliyyəti ilə bağlı da planlarının olduğunu söyləyən sənətkar ümid etdiyini vurğulayıb ki, gələcək layihələr reallaşacaq.

Yeni yaş münasibətilə özünə arzu dedikdə isə Afaq Bəşirqızı belə cavab verib: "Mən Afaq Bəşirqızına yalnız və yalnız cansağlığı arzulayıram. Cansağlığı olanda Afaq Bəşirqızı çox güclü olur və istədiyi arzuları Allahın köməkliyi ilə yerinə yetirə bilir. O arzular da yalnız səhnədə olmaq, tamaşaçıları təbəssümə və gülüşə həsrət qoymamaqdır."