Son vaxtlar pendir yenidən populyarlıq qazanıb, eyni zamanda yoqurtun tələbatı sabit olaraq qalır. Hər iki məhsulun gündəlik süd tələbatını ödəmək baxımından rolu var.
ABŞ Kənd Təsərrüfatı Departamentinin göstərişlərinə əsasən, gündə 2 000 kalori qəbul edənlər üçün təxminən üç stəkan süd məhsulu ilə orqanizmin kalsium və D vitamini ehtiyacı təmin edilə bilər. Bu miqdar yoqurt və pendir porsiyalarına çevriləndə bir stəkan az yağlı yoqurt bir porsiya sayılır, standart az yağlı pendir porsiyası isə təxminən yarım stəkan hesab edilir.
Protein baxımından yunan yoqurtu ilə pendirin tərkibi oxşardır. Məlumatlara görə, adi yoqurtda 8–12 qram, yunan yoqurtda 10–17 qram arasında zülal olur. Dietoloq Emi Devis pendiri fermentləşmiş süd və duzdan hazırlandığı üçün keyfiyyətli zülal mənbəyi adlandırır və pendirin tez-tez yeməklərə əlavə edilməsinin gündəlik zülal ehtiyacının ödənilməsində faydalı ola biləcəyini bildirir.
Vitamin və mineral məzmununa görə hər iki məhsul təxminən oxşar miqdarda kalsium, kalium və B12 təqdim edir; yunan yoqurtu isə bu maddələrdən bir qədər zəngin hesab olunur. Dietoloq Ceymi Mok qeyd edir ki, natrium və maqnezium göstəricilərində fərq var: pendir yunan yoqurda nisbətən daha yüksək natrium, daha az maqnezium ehtiva edir. Məsələn, bir stəkan yunan yoqurtda təxminən 75 milliqram natrium sərf olunursa, eyni həcmdə pendirdə bu rəqəm təxminən 680 milliqrama çatır.
Probiotiklər baxımından yoqurt üstünlük təşkil edir. Yoqurt və yunan yoqurtu fermentasiya prosesindən keçərək canlı və aktiv kulturalarla hazırlanır; bu kulturalar bağırsaq sağlamlığını dəstəkləyən probiotikləri ehtiva edir. Sənaye üsulu ilə istehsal olunan pendir isə ya kultivasiya, ya da turşulaşdırma prosesindən keçə bilər.
Yağlılıq məhsulların teksturası və dadına təsir edir: yüksək yağlı pendir kremli konsistensiyaya malik olur, az yağlılar isə daha quru və kəskin olur. Tam yağlı yoqurt daha qatı və zəngin olur, 1–2 faiz yağlı yoqurtlar isə daha duru, turşməzə dad verə bilər.
Nəşr yunan yoqurtunu qida dəyəri baxımından cüzi üstün hesab edir: o, daha çox zülal və probiotik, daha az natrium təqdim edir. Lakin Ceymi Mok vurğulayır ki, ən uyğun seçim fərdin ehtiyac və məqsədlərinə bağlıdır; kalori və yağ qəbulunu azaltmaq istəyənlər üçün az yağlı variantlar daha məqsədəuyğundur. Emi Devis isə bildirir ki, pendir yoqurtu tam əvəz edə bilməz, lakin hər iki məhsul rasionda yer ala bilər.
Yoqurt həmçinin çoxfunksiyalı qida məhsuludur: o souslara kremli tekstura verir, marinadlarda ətləri yumşaldır, smuzilərə və bişmiş məhsullara daha yaxşı nəmə və dad qatır.