Son illərdə, xüsusilə şəhər mühitində müəyyən ailələrdə uşaqlarla ünsiyyətdə rus dilinin üstünlük təşkil etdiyi müşahidə olunur. Ailədə hansı dilin əsas ünsiyyət vasitəsi seçilməsi yalnız dil bacarıqlarını deyil, həm də uşağın milli və mədəni kimliyinin formalaşmasını müəyyən edir.

Uşaqların gündəlik həyatında Azərbaycan dilindən daha az, rus dilindən isə daha çox istifadə edilməsi onları özünüidentifikasiya, cəmiyyətə inteqrasiya və milli-mədəni dəyərlərlə əlaqə baxımından sual altına qoyur. Bu kontekstdə ailələrin dil seçimində hansı amillərin rol oynadığı və bunun uşaqların gələcək inkişafına necə təsir edəcəyi əsas maraq doğuran mövzulardandır.

Sosioloq Mətanət Məmmədova məsələyə münasibət bildirərək cəmiyyətimizdə rus, türk və ingilis dillərinə marağın artdığını qeyd edib. Onun fikrincə, bir neçə dil bilmək insan üçün maneə deyil və geniş imkanlar yaradır. Məmmədova bildirib:

“Əksinə, nə qədər çox dil bilirsənsə, bir o qədər geniş imkanlara sahib olursan. Dil bilmək çox gözəldir. Rus dilini bilmək vacibdir, çünki qonşumuz Rusiyadır. Türk dilini bilmək də mühüm əhəmiyyət daşıyır, çünki qonşu və qardaş ölkələrdən biri Türkiyədir. İngilis dilini bilmək isə dünyaya çıxış imkanlarımızı genişləndirir. Ancaq bütün bunların fonunda Azərbaycan dilini bilmək, öz dilini öyrəndikdən sonra başqa bir dili öyrənmək lazımdır.

Bu gün, dediyiniz kimi, çoxsaylı valideynlərimiz var ki, uşağın dili açılmamış onu rusdilli bağçalara qoyur, ingilisdilli bağçalara qoyur. Uşağın dili açılmamış, hələ danışmağa başlamamış evdə, ailədə rus dilində danışmağa başlayırlar. Bu da uşağın ümumiyyətlə Azərbaycan dilini öyrənməsinə çətinlik yaradır. Çünki belə bir məsələ var ki, əgər bir uşaq öz ana dilini mənimsəməyibsə, öyrənməyibsə, öyrənməyə başlamayıbsa və ona artıq başqa dillər öyrədilirsə, başqa dillər onun üçün öz ana dilini öyrənməkdə çətinlik yaradacaqdır. Həm də bu, onun psixologiyasına pis təsir edir. Çətinlik qarşısında qalır, tələffüz edə bilmir. Bu da onun, təbii ki, psixologiyasına çox pis təsir göstərir.

Bizim üçün Azərbaycan dili başımızın tacıdır. Azərbaycan dili bizim milli-mənəvi dəyərimizdir, sərvətimizdir. Biz öz dilimizi biləndən sonra başqa dilləri öyrənməliyik. Bəzi insanlar bunu dərk etmir. Dərk etmədən, bax, dediyiniz kimi, görürsən ki, uşaqlarla rus dilində danışırlar. Hansı ki, bunlar sırf azərbaycanlı ailələridir. Uşaqları rus bağçalarına qoyurlar, rus məktəblərinə qoyurlar. Çox yaxşı, mən uşaqların rus məktəblərinə, bağçalarına qoyulmasına pis baxmıram. Ancaq öz dilini biləndən sonra, öz dilini öyrədəndən sonra. Lap uşaq rus məktəbinə gedirsə belə, valideynin vəzifəsidir ki, evdə Azərbaycan dilində danışsın. Azərbaycan dilində danışsın ki, uşaq öz ana dilini bilməlidir. Hər bir valideynin vəzifələrindən biri də öz doğma dilini övladına öyrətməkdir. Bunu dərk etmək nə qədər çətindir ki, biz övladlarımızdan bunu əsirgəyirik? Əsirgəməməliyik. Biz öz ana dilimizi öyrədəndən sonra onu başqa dilləri öyrənməyə istiqamətləndirməliyik.

Onsuz da bizim bu gün evlərimizdə televiziyalarımız... Baxmaq üçün türk televiziya kanallarını seçirik biz. Uşaqlarımız səhərdən axşama qədər türk cizgi filmlərinə baxırlar, böyüklər səhərdən axşama qədər türk seriallarına baxırlar. Heç Azərbaycan televiziyasına baxan yoxdur. O evdə ki, Azərbaycan televiziyası yoxdur, Azərbaycan dilində, Azərbaycan kanalı yoxdur, bəli, orada uşaqların da o dili öyrənməsi çətin olacaqdır. Uşaqlar cizgi filmlərinə türk dilində baxırlar. Bu gün rus dili ilə danışırsınız, amma mən deyim ki, bu gün bizim uşaqlarımız demək olar ki, Azərbaycan sözlərini bilmirlər. Ancaq onlar türk dilində danışırlar, bir-biri ilə türk dilində danışırlar, bir-biri ilə ünsiyyətlərini türk dilində qururlar.

Yəni biz tək rus dilindən söhbət etməyək, eləcə də türk dilindən danışmalıyıq. Biz bu problemə toxunuruqsa, azərbaycanlı olaraq, öz dilimizdə danışandan sonra, bəli, türk dilini də öyrənmək pis deyil, rus dilini də öyrənmək pis deyil, ingilis dilini də öyrənmək pis deyil. Ancaq çox təəssüf ki, bu gün bizim cəmiyyətimiz tamamilə türk dilində danışır. Gənclərimizin küçədə danışıqlarını eşidirsən, metroda, ictimai nəqliyyatda danışıqlarını eşidirsən. Sosial platformalarda yazışmalarına baxırsan, mesajlarına baxırsan, hamısı artıq burada türk dilində danışırlar.

Elə bunun özü də böyük bəladır. Rus dilindən danışarkən bunlardan da demək lazımdır. Axı türk dili ilə Azərbaycan dili oxşar olsa da, bir-birimizi anlasaq da, amma o qədər fərqli bir dildir ki. Nə üçün biz Azərbaycan dili qədər zəngin bir dili qoyub, türk dilinin ifadələrindən istifadə etməliyik? Eləcə də rus dili. Biz öz ana dilimizi dərk etməyəndən sonra, öz ana dilimizdə danışmayandan sonra niyə başqa bir xalqın dilini mənimsəməliyik?

Bütün bunlar, bu problemlərin aradan qaldırılması üçün, bəli, bizim cəmiyyət düşünməlidir, cəmiyyətdə maarifləndirmə işləri aparılmalıdır.

Ümumiyyətlə, Azərbaycan dilinin öyrədilməsi, öyrənilməsi üçün məsul şəxslər vardır ki, valideyn məsul şəxsdir, məktəblərdə, bağçalarda müəllimlər məsul şəxslərdir. Cəmiyyətdə ictimai qınaq olmalıdır. İctimai qınaq olmasa, heç bir xeyrimizə olan məsələ olmayacaq. İctimai qınaq olmalıdır ki, öz dilimiz, sonra başqa dillər! Bu mənim şüarımdır.”

Məmmədovanın vurğuladığı məqamlar ailə daxilində və cəmiyyət səviyyəsində dil siyasəti, təhsil və media məzmununun uşaqların ana dilini mənimsəməsinə necə təsir etdiyinə dair müzakirələri aktuallaşdırır. Valideynlərin və təhsil müəssisələrinin rolunun önəmi və maarifləndirmə tədbirlərinin əhəmiyyəti bu baxımdan əsas məsələlərdən hesab edilir.