Amerikalı astronomların açıqlamasına görə, Yer təxminən 5 milyard il sonra məhv ola bilər. Bu proqnoz Günəşin gələcəkdə qırmızı nəhəng mərhələsinə keçməsi ilə əlaqələndirilir.

Din mövqeyindən məsələ necə görünür? Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev həm elmi, həm də dini əsaslarla Qiyamətin mütləq baş verəcəyini bildirib, lakin onun dəqiq vaxtını heç kəsin bilmədiyini vurğulayıb.

Qarayev qeyd edib ki, Qiyamətin vaxtı yalnız Allahın bilgisi daxilindədir və Qurani-Kərimdə bu barədə aydın şəkildə vurğulanır (Əraf, 7:187; Luqman, 31:34). O bildirib ki, müsəlmanlar Qiyamətin qopacağına inanarlar, amma onun dəqiq zamanını təyin etmək insanın qüdrətində deyil.

İlahiyyatçı həmçinin Qurani-Kərim və hədislərin Qiyamətdən əvvəl ortaya çıxacaq kiçik və böyük əlamətləri sadaladığını söyləyib. Kiçik əlamətlər kimi dini biliklərin zəifləməsi, cahilliyin yayılması, insanların dünyaya və mal-mülkə həddindən artıq bağlılığı, yalanın və xəyanətin artması, əmanətə xəyanət və etibarsızlığın genişlənməsi göstərilib.

O əlavə edib ki, zülmün və haqsızlığın çoxalması, qohum əlaqələrinin zəifləməsi, valideynlərə hörmətsizliyin artması və günahların açıq şəkildə işlənməsi də kiçik əlamətlər sırasındadır. Namaza və dini vəzifələrə laqeydlik, alimlərin azalması, zahiriya üstünlük verib mənəviyyatdan uzaqlaşmaq, fitnə və ixtilafların daha çox olması da adları çəkilən göstəricilərdəndir.

Böyük əlamətlər barədə Qarayev İmamiyyə ənənələrində qeyd olunan əsas hadisələri xatırladıb. Onların içində beşinin daha qəti əlamət kimi məhşur olduğu vurğulanır:

- Süfyaninin çıxması: Şam regionunda Süfyani adlı şəxsin ortaya çıxacağı və böyük fitnə yaradacağı rəvayəti.

- Yəmaninin çıxışı: Yəmən tərəfdən Yəmani adlı şəxsin meydana çıxması və bəzi rəvayətlərə görə insanları haqq yoluna çağırması.

- Səmadan nida (səma səsi): Ramazan ayında insanların eşidəcəyi fövqəladə çağırışın baş verəcəyi və bu hadisənin İmam Mehdinin (ə.f.) zühuru ilə əlaqələndirilməsi.

- Nəfsi-Zəkiyyənin öldürülməsi: Məkkədə, Məscidül-Həram yaxınlığında saleh bir şəxsin — “Nəfsi-Zəkiyyə”nin — öldürüləcəyi barədə rəvayət.

- Beyda hadisəsi: Süfyaninin ordusunun Məkkə ilə Mədinə arasındakı Beyda ərazisində yerə batacağı ilə bağlı rəvayət.

Məqalədə vurğulanır ki, həm elmi proqnozlar, həm də dini mətnlər qiyamətin baş verəcəyini göstərir, lakin vaxta dair konkret məlumat yalnız Allahın elmindədir. İlahiyyatçı müsəlmanlar üçün dua edib: “Allah aqibətimizi gözəl, axirətimizi xeyir etsin.”