Paytaxtda 150 nömrəli marşrut avtobusunda bir azyaşlı sərnişinin ayağı qapının arasında qalaraq xəsarət alıb.

Hadisəni azyaşlının valideyni paylaşaraq bildirib ki, dünən saat beş-altı radələrində 90-JQ-261 dövlət qeydiyyat nişanlı marşrut avtobusunda iki uşaq dayanacaqda düşmək istəmişdi. Sürücünün qapını dərhal bağlaması nəticəsində uşaqlardan birinin ayağı qapının arasında qalıb, əzilərək qanayıb.

Valideynin sözlərinə görə, sürücü uşaqları avtobusdan endirib və üzr bildirmədən hərəkətinə davam edib.

Məsələ ilə bağlı Bakı nəqliyyat operatoru hadisəni dərhal nəzarətə götürdüyünü və avtobusun daxili kameralarının görüntüləri əsasında operativ araşdırma apardığını açıqlayıb. Yoxlamalar göstərib ki, sərnişinlərin düşməsi zamanı sürücü ehtiyatsız davranaraq qapını vaxtından əvvəl bağlayıb.

Operator baş verənlərə görə təəssüfünü ifadə edib və sürücü barədə daxili nizam-intizam qaydalarına uyğun inzibati tənbeh tədbiri görüləcəyini bildirib. Həmçinin sərnişinlərin, xüsusilə azyaşlıların təhlükəsizliyi prioritet olaraq qalacaq və bənzər hadisələrin təkrarlanmaması üçün təlimatlandırma və nəzarət tədbirləri davam etdiriləcək.